Oktyabrın 31-də AMEA-da Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə görkəmli elm və ədəbiyyat xadimi, filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynovanın 65 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
AMEA-dan bildirilib ki, əvvəlcə tədbir iştirakçıları professor Mahirə Hüseynovanın həyat və yaradıcılığını əks etdirən kitab sərgisinə baxıblar.
Mərasimi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq professor Mahirə Hüseynovanın çoxcəhətli yaradıcılığından, elmi və ictimai fəaliyyətindən bəhs edib. Qeyd edib ki, Mahirə Hüseynovanın elmi fəaliyyəti dilçiliyin müxtəlif istiqamətlərini – dialektologiya, müasir Azərbaycan dili, terminologiya, dövlət dili siyasəti və türkologiya məsələlərini əhatə edir. Dilçi-alimin bədii yaradıcılığı müstəqillik dövrü Azərbaycan ədəbiyyatını mövzu, ideya, janr və üslub baxımından daha da rəngarəng edib. AMEA rəhbəri alimin Qərbi Azərbaycan İcmasındakı fəaliyyəti, vətəndaş mövqeyi və tükənməz enerjisinin onun milli dəyərlərə sədaqətinin bariz nümunəsi olduğunu vurğulayıb.
Mahirə Hüseynovaya 65 illiyi münasibətilə AMEA-nın fəxri fərmanı və “Dilçilik İnstitutunun fəxri professoru” diplomun təqdim edilib.
Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli görkəmli alimin elmi-pedaqoji fəaliyyətindən, onun “Müasir Azərbaycan dilində punktuasiya məsələləri” kitabının məziyyətlərindən bəhs edən, “Dilin elmi və estetik problemləri”, “Ümumtürk dilləri dialekt ə şivələrinin qarşılıqlı inteqrasiyası”, “Azərbaycan dilçiliyində türk dillərinin dialekt və şivələrinin müqayisəli aspektdə tədqiqi məsələləri” və “Azərbaycan dilinin yemək və içki adlarının tarixi-etimoloji lüğəti” kitablarını türkoloji dilçiliyə dəyərli töhfə kimi dəyərləndirib.
Fəlsəfə üzrə fəlsəfə doktoru Etibar Əliyev və digər çıxış edənlər də professor Mahirə Hüseynovanın dilçilik elminə gətirdiyi yeniliklərdən bəhs edib, onun Azərbaycan filologiyasında ədəbiyyatşünaslıq məsələlərinin araşdırılmasında xidmətlərini qeyd ediblər.
Tədbirdə professor Sayalı Sadıqovanın “Azərbaycan filologiyasında Mahirə Hüseynovanın yaradıcılığı”, professor Məsud Mahmudovun “Azərbaycan bədii-elmi düşüncəsinin fenomeni”, filologiya elmləri doktoru Gülbəniz Babayevanın “Mahirə Nağıqızının poetik dünyası” və filologiya üzrə fəlsəfə doktoru Kifayət İmamquliyevanın “Mahirə Hüseynovanın yaradıcılığında dialektoloji istiqamət” adlı məruzələri dinlənilib.























