Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Qəhrəman övladları səhnədə” layihəsi çərçivəsində “Bir zaman, min yaddaş” adlı tamaşa nümayiş etdirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun təşkilatçılığı və Vətən müharibəsi şəhidlərinin övladlarının iştirakı ilə ərsəyə gələn tamaşanın ideya müəllifi Lalə Zahir, ssenari müəllifi Samirə Əşrəf, quruluşçu rejissoru Səbinə Məmmədzadədir.
Təqdimatdan öncə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Bayramov, nazirlik yanında İctimai şuranın sədri Elşad Məmmədov çıxış ediblər.
Çıxışlarda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm tarixi Zəfər əldə etdiyi Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin sosial dəstək tədbirləri ilə əhatə olunduğu bildirilib. Bu istiqamətdə aparılan işlərlə yanaşı şəhid övladlarının yaradıcılıq bacarıqlarının aşkara çıxarılması və dəstəklənməsinin də diqqətdə saxlanıldığı vurğulanıb.
Tamaşada müasir dövr uşaqlarının keçmişdə yaşayan mütəfəkkir və dahi insanlarla görüşündən bəhs olunur. Onlar müəllimlərinin hazırladığı zaman maşınının köməyi ilə keçmişə səyahət edir, Azərbaycanın dahi şəxsiyyətləri ilə söhbət edir. Şəhid övladları ilə yanaşı, teatrın peşəkar aktyorlarının da yer aldığı tamaşada insanın öz keçmişinə, tarixi yaddaşına bağlılığı, vətənə sevgisi tərənnüm olunur.
Layihə Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunmuş tədbirlərin davamı olaraq, Dövlət Sosial Müdafiə Fondu və “McDonald's Azərbaycan” şirkəti arasında imzalanmış anlaşma memorandumu çərçivəsində həyata keçirilib. Məqsəd şəhid övladlarının istedad və bacarıqlarını aşkara çıxarmaq, onların milli-mənəvi dəyərlərə bağlılığının nümayiş etdirməkdir.























