Oktyabrın 31-də Azərbaycan Dövlət Kukla Teatrında “Uşaq hüquqları aylığı” çərçivəsində “Dünyanı uşaqlara verək!” adlı bədii-maarifləndirmə aksiyası keçirilib.

Teatrın mətbuat xidmətindən bildirilib ki, BMT-nin "Uşaq hüquqları haqqında Konvensiyası"nın qəbul edilməsinin (20 noyabr 1989-cu il) ildönümü ərəfəsində hər il oktyabrın 20-dən noyabrın 20-dək ölkəmizdə “Uşaq hüquqları aylığı” keçirilir. Azərbaycanda “Uşaq hüquqları aylığı”nın keçirilməsinin əsas məqsədi cəmiyyətin diqqətini uşaq problemlərinə cəlb etmək, onların həllində bütün qurumların səfərbər olunmasına nail olmaq, uşaq hüquqlarına dair görülən işlərə dair məlumatları ictimaiyyətin nəzərinə çatdırmaq və bu proseslərdə uşaqların iştirakını təmin etməkdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin böyük məsləhətçisi Təranə Piriyeva qurumun uşaqlarla bağlı fəaliyyət istiqamətləri haqqında danışıb. Bildirib ki, sağlam gələcək üçün uşaqlarımızın sağlam mühitdə yaşaması, təhsil alması və inkişafı üçün dövlətimiz üzərinə düşən vəzifələri layiqincə icra edir.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli də çıxışında uşaq hüquqlarının təminatı məsələsini önə çəkib. Bildirib ki, uşaq hüquqlarının etibarlı müdafiəsinin təmin edilməsi insan hüquqlarının qorunmasında, eləcə də inklüziv və bərabər imkanlara əsaslanan cəmiyyətin formalaşdırılmasında əsas aspektlərdən biridir. Hər bir uşaq təhlükəsiz, sağlam və öz potensialını reallaşdıra biləcəyi mühitdə böyüməlidir.

“Əlilliyi olan şəxslərə sosial dəstək” İctimai Birliyinin sədri Təranə Musayeva fiziki məhdudiyyətli insanların ictimai həyatın müxtəlif sferalarına inteqrasiyasını dəstəkləmək, onlara qarşı cəmiyyətdə mövcud olan stereotiplərin aradan qaldırılmasına töhfə vermək məqsədilə dövlətin və dövlət dəstəyi ilə ictimai təşkilatların fəaliyyətindən bəhs edib.

Sonra uşaqlar “Düyməcik” tamaşasına baxıblar. Mehribanlıq, dostluq və müdriklikdən bəhs edən nağıl, insanlara həyatda baş verən istənilən çətinlik qarşısında heç vaxt ümidsizliyə qapılmamağı, xoşbəxtliyə çatmaq üçün isə təmiz qəlbə, mərhəmətli düşüncəyə sahib olmağı təlqin edən tamaşa maraqla qarşılanıb.