11–30 oktyabr tarixlərində İstanbulda Avrasiya Teatrlar Birliyinin təşkilatçılığı və Maltepe Bələdiyyəsinin dəstəyi ilə 7-ci Beynəlxalq Maltepe Teatr Festivalı keçirilib. Festivalda Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da uğurla çıxış edib.

Akademik Musiqili Teatrı festivalın son günü türk yazıçı-dramaturqu Tuncər Çücənoğlunun "Matroşka" pyesi əsasında hazırlanmış "Qadınım" tamaşasını təqdim edib. Musiqili lirik-psixoloji melodram kimi təqdim olunan səhnə əsərinin quruluşçu rejissoru Prezident mükafatçısı İradə Gözəlovadır.

Lirik-psixoloji melodram janrında hazırlanan tamaşa iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Festival təşkilatçıları Akademik Musiqili Teatrının direktoru Aqil Bəhramlıya və rejissor İradə Gözəlovaya təşəkkürlərini bildirərək, kollektivi diplomla təltif ediblər. Bundan əlavə, İradə Gözəlovaya tamaşaya verdiyi uğurlu quruluşa görə yazıçının ailəsi tərəfindən “Tüncər Cücənoğlu” adına xüsusi mükafat təqdim olunub.

Aqil Bəhramlı festivalın yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib və 29 oktyabr – Cümhuriyyət Günü münasibətilə türk xalqını təbrik edib.

Qeyd edək ki, “Qadınım” tamaşasında teatrın gənc aktyorları Əmrah Dadaşov və Gültac Əlili, eləcə də xor artistləri çıxış ediblər. Əsərin plastik həlli və səhnə hərəkətləri Əməkdar artist Nigar Şahmuradovaya məxsusdur. O, həmçinin tamaşada aktrisa kimi iştirak edib. Tamaşanın quruluşçu rəssamı Vüsal Rəhim, xormeysteri Məlahət Qasımova, musiqi tərtibatçısı isə Əmrah Dadaşovdur.