Bakı şəhəri, Nəsimi rayonu, Məmmədcəfər Cəfərov küçəsində yerləşən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş “Moskva” univermağının binasına baxış keçirilən zaman qanunsuz təmir işlərinin aparıldığı aşkar edilib.
Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, baxış zamanı “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozularaq, layihəsi razılaşdırılmadan genişmiqyaslı təmir və söküntü işlərinin aparıldığı müəyyən edilib. Abidənin arakəsmə divarları sökülüb, pilləkən hissəsində ağır dəmir konstruksiya quraşdırılaraq əlavə sahə yaradılıb, döşəməyə beton tökülüb, ticarət zalında dəmir konstruksiyalar vasitəsilə əlavə mağazalar inşa edilib.
Qanunvericiliyin tələbləri pozulmaqla həyata keçirilən təmir-tikinti işləri nəticəsində binanın orijinal memarlıq quruluşu dəyişdirilib, daxili plan həlli pozulub, tarixi abidə öz autentik dəyərini itirmək təhlükəsi ilə üz-üzə qalıb.
Qanunsuz təmir işlərinin dayandırılması və həyata keçiriləcək işlərin layihəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq razılaşdırılması ilə bağlı xəbərdarlıqlara istifadəçi tərəfindən məhəl qoyulmayıb.
İnzibati Xətalar Məcəlləsinin 231.2-ci maddəsi ilə mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin razılaşdırılmadan yeni quruluşa salınması, zahiri görkəminin dəyişdirilməsinə görə inzibati protokol tərtib edilib və Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Diqqətə çatdırılıb ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.
Abidələrin üzərində bərpa, konservasiya, təmir və digər işlər onların layihələri Dövlət Xidməti tərəfindən təsdiq edildikdən sonra aparılmalıdır. Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır.
Dövlət Xidməti bir daha bütün vətəndaşları tarixi irsimizə həssas yanaşmağa çağırır, abidələrin qorunması haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə riayət olunmasını tələb edir.
Qeyd edək ki, 1978-сi ilin 31 dekabrında açılışı keçirilən “Moskva” univermağı Bakıda o dövrün ən böyük ticarət mərkəzlərindən biri olub. Açılış mərasimində respublikanın rəhbəri – Azərbaycan KP MK-nın Birinci katibi, Ulu öndər Heydər Əliyev iştirak edib.
 
						




















 
									




