Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan “Uşaq İncəsənət Festivalı 2025” layihəsinin piano ifaçılığı nominasiyası üzrə final mərhələsi keçirilib.
Beynəlxalq Muğam Mərkəzində təşkil olunan final mərhələsində regionlardan 2-ci seçim turunu uğurla keçmiş 6–17 yaşarası istedadlı uşaqlar iştirak ediblər. İştirakçılar peşəkar və həvəskar kateqoriyalar üzrə bacarıqlarını nümayiş etdiriblər.
Münsiflər heyətinin üzvü Əməkdar mədəniyyət işçisi Tamilla Məmmədova jurnalistlərə açıqlamasında festival barədə məlumat verib. Onun sözlərinə görə, festivalın final mərhələsi bir həftədən çoxdur davam edir və hər gün 40-a yaxın iştirakçı çıxış edir. “Zəif, orta və yüksəksəviyyəli şagirdlərin ifalarını dinlədik. Bu festivalın əsas məqsədi istedadlı uşaqları üzə çıxarmaq, onların yaradıcılığını təşviq etmək, milli mədəniyyətə marağı artırmaq və zəngin mədəni irsimizi gənc nəslə ötürməkdir. Festival uşaqların müxtəlif incəsənət sahələrində öz istedadlarını nümayiş və inkişaf etdirdiyi mühüm yaradıcı platformadır. Qaliblərin adları festivalın yekun mərhələsində elan olunacaq”,- deyə o əlavə edib.
Final mərhələsində iştirak edən 2 nömrəli uşaq musiqi məktəbinin şagirdi Leyla Səmədova təəssüratını bölüşərək deyib: “Mən ifa edəndə münsiflər heyətinin maraqla qulaq asdığını gördüm. George Gerşvinin “Summertime” əsərini səsləndirdim. Ümid edirəm ki, nəticəm yaxşı olacaq”.
Layihə istedadlı uşaqların yaradıcılıq potensialını inkişaf etdirmək, onların sənətə marağını artırmaq və milli musiqi ənənələrini yaşatmaq məqsədi daşıyır.





















