Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü münasibətilə İstanbul şəhərində bayram yürüşü keçirilib.

Səhər saatlarında Vətən prospektində başlanan yürüşə İstanbul valisi Davud Gül də qatılıb və bayram münasibətilə hər kəsi səmimi şəkildə təbrik edib.

Cümhuriyyət yürüşündə Türk Dünyası Araşdırmaları Vəqfi də fəal iştirak edib. Yürüşdə Türk dünyasının bayraqları, o cümlədən Azərbaycan bayrağı dalğalanıb.

Yürüş iştirakçıları arasında olan İstanbul Universitetinin doktorantı, TRT Türkü radiosunda yayımlanan “Azərbaycan rüzgarı” verilişinin müəllifi və aparıcısı Səidə Ömər Türkiyənin Cümhuriyyət Gününün birlikdə qeyd edilməsinin qardaşlığımızın göstəricisi olduğunu vurğulayıb.

“Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündən bəri hər il bu tədbirdə fəxrlə yer alıram. Mustafa Kamal Atatürkün dediyi kimi, Türkiyə ilə Azərbaycanın sevinci də, kədəri də ortaqdır. Arzum budur ki, sevincli günlərimiz hər zaman çox olsun. Cümhuriyyət Bayramında Türkiyədə qardaşlarımızla birgə bu tarixi günü qeyd etmək mənim üçün böyük qürurdur”, – deyə o bildirib.

Tədbir iştirakçıları qardaş xalqlar arasında sarsılmaz birliyin rəmzi kimi bu günü böyük coşqu ilə qeyd ediblər.