Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri akademik Muxtar İmanov və Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə Ankara Qazi Universitetində fəaliyyət göstərən “Azərbaycan dilinin tədris ocağı”nı ziyarət ediblər.
Görüş zamanı AMM-nin direktoru Samir Abbasov Azərbaycan dilinin, mədəniyyətinin qardaş ölkədə təbliği məqsədilə görülən işlər, bu istiqamətdə həyata keçirilən layihələr barədə məlumat verib, Azərbaycan Dillər Universiteti və Atatürk Mərkəzi ilə ortaq layihələr barədə təkliflərlə çıxış edib.
Mərkəz ilə ADU arasında Azərbaycan dilinin daha sistemli və genişmiqyaslı tədrisinin təşkili, bu istiqamətdə təcrübə mübadiləsi, dilin öyrənilməsi üçün elmi-metodik vəsaitlərin hazırlanması müzakirə olunub. Azərbaycan-Türkiyə arasında terminoloji lüğətlərin hazırlanması, AMM-nin Azərbaycan dili kurslarında fərqlənən tələbələrin ADU-nun yay məktəblərində iştirakı, eləcə də Qazi Universiteti ilə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Görüşdə Qazi Universitetinin prorektoru professor Selami Candan, Təhsil fakültəsinin dekan müavini professor Serçin Karataş, Türk mədəniyyətinin araşdırma mərkəzinin müdir müavini professor İsmet Çetin, “Azərbaycan dilinin tədris ocağı”nın müəllimi Şəhla İbişova da iştirak ediblər.
Görüşün sonunda akademik Kamal Abdulla müəllifi olduğu kitabları “Azərbaycan dilinin tədris ocağı”nın kitabxanasına təqdim edib.





















