28 oktyabr Beynəlxalq Animasiya Günüdür (International Animation Day). 1892-ci ilin 28 oktyabrında fransalı rəssam Emil Reno ekranda ilk animasiya lentini nümayiş etdirib.

 

Tarixdəki olaylar

 

28 oktyabr 1938 – Azərbaycan SSR Xalq Maarif Komissarlığının əmri ilə Dövlət Musiqili Komediya Teatrı (Azərbaycan və rus truppası) yaradılıb. 1948-ci ildə bir sıra teatrların özünümaliyyələşdirməyə keçməsi ilə bağlı fəaliyyətini dayandırıb. 1956-cı ildə fəaliyyətini bərpa edib. Hazırda Azərbaycan Dövlət Akademik Musiqili Teatrı adlanır.

 

28 oktyabr 1995 – Bakı metrosunda dəhşətli qəza baş verib. “Nərimanov” və “Ulduz” stansiyaları arasında sərnişin qatarında baş vermiş yanğın nəticəsində, rəsmi məlumatlara görə, 286 nəfər həlak olmuşdu. 269 nəfər xəsarət almış, 400 nəfər xilas edilmişdi. Bu, dünya tarixində ən böyük metro qəzası idi. 29-30 oktyabrda ölkədə matəm elan olundu.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

28 oktyabr 1911 – Xalq yazıçısı, dramaturq, Sosialist Əməyi Qəhrəmanı Mirzə Əjdər oğlu İbrahimov (1911 – 17.12.1993) Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olub. Əsərləri: “Gələcək gün”, “Böyük dayaq” (romanlar), “Həyat”, “Kəndçi qızı” (pyeslər) və s. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri (1954–1958) olub, Yazıçılar Birliyinə rəhbərlik edib.

 

28 oktyabr 1927 – Tanınmış tarzən Şirin Məşədi Hüseyn oğlu Axundov (1878–1927) vəfat edib. Bir çox ustad xanəndələri müşayiət edib.

 

28 oktyabr 1952 – Ədəbiyyatşünas alim, professor Şirindil Həsən oğlu Alışanlı (1952 – 14.3.2024) Laçın rayonunun Əhmədli kəndində anadan olub.

 

28 oktyabr 1957 – Türkiyə müğənnisi, bəstəkar Əhməd Qaya (1957 – 16.11.2000) Malatyada anadan olub.

Hazırladı: Vüqar Orxan