Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Mədəniyyət Nazirliyinin dəstəyi ilə beynəlxalq əlaqələrini genişləndirir.
Daşkənd şəhərində Özbəkistan Milli Akademik Dram Teatrı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu Akademik Milli Dram Teatrının direktoru Əməkdar mədəniyyət işçisi İlham Əsgərov və Özbəkistan Milli Akademik Dram Teatrının direktoru Xalq artisti Yodqar Saqdıyev imzalayıblar.
Memorandum iki teatr arasında əməkdaşlıq çərçivəsində klassik və müasir dramaturgiyanın dəyərli nümunələrinin, tamaşaların yaradıcı kollektivlərinin, teatr sahəsində çalışan ayrı-ayrı peşə nümayəndələrinin ikitərəfli mübadiləsini, forum və ustad dərslərinin keçirilməsini nəzərdə tutur.
Qeyd edək ki, Akademik Milli Dram Teatrı bundan öncə Gürcüstanın Şota Rustaveli adına Milli Teatrı, Belarus Yanka Kupala adına Milli Akademik Teatrı, T.Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrı, Rusiyanın Aleksandrinski Teatrı ilə əməkdaşlıq memorandumları imzalayıb.
Teatrdan bildirilib ki, Daşkəndə səfər çərçivəsində İlham Əsgərov Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevlə görüşüb. Səfir Akademik Milli Dram Teatrının beynəlxalq əlaqələr istiqamətində atdığı addımları yüksək dəyərləndirib. Hüseyn Quliyev iki ölkə arasında mədəni əlaqələrin, o cümlədən teatr əlaqələrinin gələcək inkişafı ilə bağlı səfirlik tərəfindən bundan sonra da dəstək göstəriləcəyini qeyd edib.
Səfər zamanı Daşkənd şəhərindəki Heydər Əliyev parkında Ulu öndərin büstü ziyarət olunub.
İlham Əsgərov Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli ilə də görüşüb. 2026-cı ildə Mədəniyyət Mərkəzi və Akademik Milli Dram Teatrı arasında müxtəlif istiqamətli maarifləndirici ustad dərslərini əhatə edən tədbirlərin keçirilməsi ilə bağlı razılıq əldə olunub.
Özbəkistan Akademik Milli Dram Teatrında dahi bəstəkarımız Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası əsasında hazırlanan özbək aktyorlarının ifasında tamaşa nümayiş olunub, Özbəkistan Musiqili Teatrının direktoru Əzim Mullaxanovla görüş keçirilib.
Özbəkistanın Səmərqənd şəhərinə də səfər edən Akademik Milli Dram Teatrının direktoru Səmərqənd Musiqili Dram Teatrının direktoru İsgəndər Sultanovla görüşüb.
























