Azərbaycanın Əməkdar artisti, tanınmış xoreoqraf Mais Nuriyev oktyabrın 25-də, ömrünün 69-cu ilində İtaliyada vəfat edib.
Mais Şükür oğlu Nuriyev 17 iyun 1957-ci ildə Bakı anadan olub. Bakı Xoreoqrafiya Məktəbini (indiki BXA) bitirib. 1974−86-cı illərdə Azərbaycan Dövlət Rəqs Ansamblında rəqqas kimi fəaliyyət göstərib. Həmçinin Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) rejissorluq ixtisası üzrə, 1984–1989-cu illərdə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin göndərişi ilə Moskva Dövlət Teatr Sənəti Universitetində (QITIS) baletmeyster kimi ali təhsili alıb. Naxçıvanda "Araz" mahnı və rəqs ansamblının və Gəncədə "Göygöl" mahnı və rəqs ansamblının baletmeysteri, 1989–92-ci illərdə Bakı Xoreoqrafiya Məktəbində müəllim kimi fəaliyyət göstərib. 1992–93-cü illərdə Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin mahnı və rəqs ansamblında bədii rəhbər olub.
2000-ci ildən sənət və pedaqoji fəaliyyətini İtaliyada davam etdirib. Milan şəhərində "Aida " və "Orizon" rəqs akademiyalarında, Neapolda “LEcole Ballet” və digər kollektivlərdə dünya xalq rəqsləri üzrə müəllim kimi çalışıb, Milan Konservatoriyasının professoru olub.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Mais Nuriyev İtaliyada yaşayan azərbaycanlıların bir araya gəlməsi, Azərbaycanın mədəniyyətinin, xalq rəqslərimizin Avropada təbliği istiqamətində mühüm işlər görüb, rəhbərlik etdiyi "Azəri" Azərbaycan Mədəniyyət Assosiasiyası (Legnano şəhəri) ilə bir çox layihələr həyata keçirib. Xoreoqraf öz fəaliyyəti ilə İtaliya ictimaiyyəti arasında nüfuza malik olub, iki ölkə arasında mədəni körpünün daha da möhkəmlənməsində fəal rol oynayıb, ölkəmizə dostlar qazandırıb.
Qeyd edək ki, ustad xoreoqraf 2024-cü ildə San-Remo Beynəlxalq Rəqs Müsabiqəsinin münsiflər heyətində yer almışdı. Ötən il Milanda, “Cinema Teatro Manzoni”də Mais Nuriyevin yaradıcılığına həsr olunmuş təntənəli tədbir keçirilmişdi.
Mais Nuriyev Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına (2018-ci il) layiq görülmüş, “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı, “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunmuşdu.
Allah rəhmət eləsin.





















