Tarixdəki olaylar
25 oktyabr 1973 – Növbəti Ərəb-İsrail müharibəsi (“Məhşər günü” savaşı) yekunlaşıb. Oktyabrın 6-da yəhudilərin əlamətdar dini günü (“Məhşər günü” – Yom Kipur) qeyd olunduğu vaxt Misir və Suriya qüvvələrinin İsrailə qarşı başladığı savaşın məqsədi 1967-ci ildəki “Altıgünlük müharibə”də (5–10 iyun) məğlubiyyətin əvəzini çıxmaq idi. Lakin bu müharibəni də İsrail qazandı və 6 il əvvəl zəbt etdiyi Sinay yarımadasına (Misir) nəzarəti saxlamaqla bərabər, Suriyanın Qolan təpələrini (paytaxt Dəməşqin 40 km-də) də ələ keçirdi.
25 oktyabr 1991 – Azərbaycan Respublikasının Dövlət Şurasının yaradılması və dövlət katibi postunun təsis edilməsi barədə fərmanlar verilib. Yeni qurumun aqibəti ondan öncə təsis edilən Təhlükəsizlik Şurası və Müdafiə Şurasının aqibətindən fərqlənmədi. Prezident Ayaz Mütəllibov müxalifəti bu məşvərətçi qurumlara cəlb etməklə özünün zəif hakimiyyətinin ömrünü uzatmaq məqsədi güdürdü. Dövlət katibi postuna təyin edilən akademik Tofiq İsmayılov bir ay sonra Qarakənd faciəsində (20 noyabr) həlak oldu.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
25 oktyabr 1838 – Fransız bəstəkarı Jorj Bize (Alexandre-Cesar-Leopold Bizet; 1838 – 3.6.1875) anadan olub. Operaları: “Karmen”, “Camile”, “Mərcan axtaranlar” və s.
25 oktyabr 1864 – Qırğız milli ədəbiyyatının banilərindən biri, şair, aşıq Toktoqul Satılqanov (1864 – 17.2.1933) anadan olub.
25 oktyabr 1881 – İspan rəssamı, heykəltaraş Pablo Pikasso (Pablo Ruiz Picasso; 1881 – 8.4.1973) anadan olub.
25 oktyabr 1894 – XX əsr türk xalq poeziyasının ustadı Aşıq Veysəl (Veysəl Satıroğlu; 1894 – 21.03.1973) Sivasda doğulub.
25 oktyabr 1907 – Ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Mirzəağa Yüzbaşı oğlu Quluzadə (1907–1979) anadan olub. 50-ci illərdə Azərbaycan EA-nın Ədəbiyyat və Dil İnstitutunun direktoru işləyib.
25 oktyabr 1911 – Biblioqraf, ədəbiyyatşünas, pedaqoq Əliheydər Bala oğlu Qəhrəmanov (1911–1959) anadan olub.
25 oktyabr 1912 – Xalq rəssamı Bədurə Məlik qızı Əfqanlı (Ağamalova; 1912 – 6.5.2002) anadan olub. Akademik Milli Dram Teatrında, “Azərbaycanfilm” kinostudiyasında geyim üzrə rəssam işləyib.
25 oktyabr 1921 – Xalq artisti Nəcibə Haşım qızı Məlikova (1921 – 6.7.1992) anadan olub. Gəncə teatrında, 1952-ci ildən Akademik Dram Teatrında çalışıb. “Ögey ana”, “Aygün”, “Əhməd haradadır?” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
25 oktyabr 1925 – Yazıçı, tarixçi, şərqşünas Əbdül Ənbiyə oğlu Hüseynov (1925 – 14.5.2017) Bakının Əmircan kəndində doğulub. 1960-cı ildən Moskvada yaşayıb. “İslam dünyasının cəngavəri”, “Üsyankar Xaqani” və s. tarixi romanların müəllifidir.
25 oktyabr 1930 – Xalq rəssamı, qrafik Elmira Həbibulla qızı Şahtaxtinskaya (1930 – 13.10.1996) Bakıda anadan olub. “Azərbaycan qədim mədəniyyət diyarıdır” plakatlar silsiləsi, “Novruz bayramı” tablosu və s. əsərlərin müəllifidir.
25 oktyabr 1935 – Qəzəlxan şair Hacı Mail (Mail İsmayıl oğlu Əliyev; 1935 – 22.8.1999) anadan olub.
25 oktyabr 1954 – Görkəmli aktyor, SSRİ Xalq artisti Mirzəağa Əli oğlu Əliyev (1883–1954) vəfat edib. 1919-cu ildən Azərbaycan Dövlət Dram Teatrında çalışıb. Bakı Tənqid-Təbliğ Teatrının təşkilatçılarından olub. “Hacı Qara”, “Almaz”, “Bakının işıqları” və s. filmlərdə çəkilib.
25 oktyabr 1965 – Əməkdar incəsənət xadimi, tanınmış rəssam Vəcihə Əli qızı Səmədova (24.11.1924 – 1965) vəfat edib. Əsərləri: “Toy günü”, “Nişan aparanlar”, “Kür qırağında” və s.
25 oktyabr 2008 – Dünyaca məşhur müğənni və bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayev (17.8.1942 – 2008) vəfat edib. Bakıda, Fəxri xiyabanda dəfn olunub.
Hazırladı: Vüqar Orxan


























