Bu il Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Elmira Şahtaxtinskayanın (1930–1996) anadan olmasının 95 ili tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında rəssamın həyat yolu və bədii irsindən bəhs edən videomaterial və daycest hazırlanaraq istifadəçilərə təqdim edilib.

Kitabxanadan bildirilib ki, materiallar Azərbaycan rəssamlıq sənətinin inkişafında peşəkarlığı və gərgin əməyi ilə seçilən Elmira Şahtaxtinskayanın zəngin bədii yaradıcılıq irsini istifadəçilər arasında təbliğ olunması məqsədilə hazırlanıb.

Kitabxananın saytında yerləşdirilən (https://www.ryl.az/funds/daycest) daycestdə rəssamın həyat və fəaliyyətinə dair 2011-2024-cü illərdə dövrü mətbuatda dərc edilən məqalələrin biblioqrafik təsviri, qısa annotasiyası və tam mətninin yerləşdiyi elektron keçidlər yer alır.

Videomaterialda rəssamın yaradıcılığının rəngarəng və çoxşaxəli olması, əsasən mənzərə, məişət, portret janrlarında əsərlər yaratmasından bəhs olunur. Elmira Şahtaxtinskayanın “Azərbaycan qədim mədəniyyət diyarıdır” plakatlar seriyası üzərində uzun illər işləməsi, müxtəlif ədəbiyyat, elm və mədəniyyət xadimlərimizin – Nizami Gəncəvinin, Məhsətinin, Memar Əcəminin, Qətran Təbrizinin, Səfiəddin Urməvinin, Məhəmməd Füzulinin, Şah İsmayıl Xətainin, Qara Qarayevin bədii cəhətdən mükəmməl, fəlsəfi tutumu ilə diqqət çəkən obrazlarını yaratması diqqətə çatdırılır. Rəssamın yaradıcılıq nümunələri, müsahibələrindən fraqmentlər, foto və video görüntüləri də sərgilənir.

“İncəsənətin qüvvəti Elmira Şahtaxtinskaya” adlı videomaterial da kitabxananın saytında (https://www.ryl.az/multimedia/incesenetin-quvveti-elmira-sahtaxtinskaya) yerləşdirilib.