Xəbər verdiyimiz kimi, Albaniyanın Elbasan şəhərində “Balkan, Anadolu, Qafqaz və Türkistan coğrafiyası: incəsənət, mədəniyyət, tarix və folklor” mövzusunda V Beynəlxalq Konfrans keçirilib. Tədbir Albaniyanın Aleksandr Covani Universiteti (Elbasan), Türkiyənin Adnan Menderes Universiteti (Aydın) və Azərbaycanın “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin (Bakı) birgə təşkilatçılığı ilə reallaşıb.

20-22 oktyabr tarixlərində təşkil olunan konfransda 10-dan çox ölkədən 100-dən artıq alim və tədqiqatçı müxtəlif elmi istiqamətlərdə məruzələrlə çıxış ediblər. 

Konfransda Azərbaycandan tarixçi alimlər Qafar Cəbiyev, Şikar Qasımov, Abbas Seyidov, Fariz Xəlilli, "Keşikçidağ" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Musa Mursaquliyev, "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru tarix üzrə fəlsəfə doktoru Səadət Əliyevai, Quba Soyqırımı Memorial Kompleksinin direktoru tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova, "Çıraqqala-Şabran" Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Günel Pirquliyeva iştirak ediblər.

Musa Mursaquliyev “Keşikçidağ ərazisində yerləşən Yovşanlıdərə kurqanlarının arxeoloji təhlili” mövzusunda məruzəsi ilə çıxış edib. Məruzədə Yovşanlıdərə kurqanlarının arxeoloji tədqiqat nəticələri, onların Qafqazın erkən tunc dövrü mədəni kompleksləri ilə əlaqələri və bu abidələrin regionun mədəni inkişaf mərhələlərinin öyrənilməsində rolu geniş şəkildə təhlil olunub.

Keşikçidağ arxeoloji kompleksinin Qafqaz və Ön Asiya mədəniyyətləri arasında mühüm elmi əlaqə halqası kimi əhəmiyyəti xüsusi qeyd olunub. Təqdim edilən elmi nəticələr Azərbaycanın qədim mədəni irsinin beynəlxalq elmi ictimaiyyətə inteqrasiyası baxımından yüksək qiymətləndirilib.

Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Tədbir çərçivəsində Elbasan qalası və Elbasan Etnoqrafiya Muzeyi ziyarət edilib.