Albaniyanın Elbasan şəhərində “Balkan, Anadolu, Qafqaz və Türkistan Coğrafiyası: İncəsənət, Mədəniyyət, Tarix və Folklor” mövzusunda V beynəlxalq konfrans və sərgi keçirilib. Budəfəki konfrans türkiyəli antropoloq-heykəltəraş, professor Mutluhan Taşa həsr olunub.
Tədbir Albaniyanın Aleksandr Covani Universiteti (Elbasan), Türkiyənin Adnan Menderes Universiteti (Aydın) və Azərbaycanın “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin (Bakı) birgə təşkilatçılığı ilə reallaşıb.
İctimai birlikdən verilən məlumata görə, konfransda Azərbaycan, Türkiyə, Albaniya, Moldova, İtaliya, Özbəkistan, İran, İraq, Belarus, Rumıniya, Macarıstan, Şimali Makedoniya, Kosovo və digər ölkələri təmsil edən 100-dən çox alim və tədqiqatçı elmi məruzələrlə çıxış edib.
Təşkilat komitəsinin sədri dosent Əhməd Aytac bildirib ki, konfransın əsas məqsədi Balkan, Anadolu, Qafqaz və Türkistan coğrafiyasında incəsənət, mədəniyyət, tarix və folklor sahəsində fəaliyyət göstərən alim və tədqiqatçıları bir araya gətirmək, bu sahədəki son araşdırmaların və yeni nəşrlərin elmi ictimaiyyətə təqdim olunmasına əlverişli platforma yaratmaqdır.
Simpoziumun açılış mərasimində Təşkilat komitəsinin Albaniyadan olan həmsədri dosent Mələk Şopi, Elbasan Aleksandr Covani Universiteti Humanitar Elmlər fakültəsinin dekanı professor Ardian Lami, Azərbaycandan olan həmsədr tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, Şimali Makedoniyadan olan həmsədr professor Rubin Zemon, Türk dünyası alimləri adından professor Şikar Qasımov, Türkiyə alimləri adından professor Hande Kılıçarslan, professor Mutluhan Taş və Moldova Komrat Dövlət Universitetinin (Qaqauz Yeri) rektoru Sergey Zaxariya çıxış ediblər.
Açılış mərasimində dosent Əhməd Aytacın “Professor Mutluhan Taşın həyatı və elmi fəaliyyəti” mövzusunda məruzəsi dinlənilib. Dosent Mələk Şopi və Denada Çipi “S.E. Mann lüğətində türk sözləri, dillər arasında linqvistik əlaqələrə ümumi baxış”, professor Rubin Zemon “Balkan və Türkiyə arasında yaddaş mədəniyyəti”, professor Qafar Cəbiyev, professor Luici Skrinzi, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli və Məleykə Hüseynova “Mədəni irs beynəlxalq ustad məktəbi" inteqrativ təhsil modeli kimi” mövzularında məruzələr ediblər.
Bölmə iclaslarında “Qədim Qəbələ – UNESCO-nun Dünya İrsi Siyahısına namizəd göstərilmiş unikal arxeoloji şəhər”, “Sular altında qalan orta əsr Azərbaycan şəhərləri”, “XX əsrin əvvəllərində Naxçıvanda sosial-siyasi vəziyyət”, “AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan hekayətlər”, “Elbasanlı Dərviş Osman Sinəçakın Əlyazmalar İnstitutunda saxlanılan “Gülşəni-İrfan” əsəri”, “Qobustanda yeni texnologiyaların tətbiqi və onların mədəni turizmə təsiri”, “Müasir Koreya nəsrində sosial transformasiya və tərcümə problemləri: Hyon Jin-Geon, Na Do-Hyang və İ.Munun yaradıcılığı əsasında” “Azərbaycan Xalq Cümhuriyyəti ədəbi, bədii və sosial-siyasi qurumların fəaliyyətləri üçün geniş şərait yaratmışdır” və digər mövzularda məruzələr dinlənilib.
Konfrans çərçivəsində incəsənət sərgisi də təşkil olunub. Sərgidə ölkəmizi Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğundan bərpaçı-heykəltəraş Vüqar Quliyev, Azərbaycan Milli Xalça Muzeyindən bərpaçı Sonaxanım Kərimova, Salyan Uşaq-gənclər inkişaf mərkəzindən Sevinc Bünyatova təmsil ediblər.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Konfrans iştirakçıları Elbasan qalası və Elbasan Etnoqrafiya Muzeyində ekskursiyada iştirak ediblər.