Tarixdəki olaylar
23 oktyabr 1956 – Macarıstanda antisovet çıxışları (23 oktyabr – 4 noyabr) başlanıb. Aksiyaçılar Macarıstanın “Varşava bloku”ndan çıxmasını, sosialist inkişaf yolundan əl çəkməsini tələb edirdilər. Macarıstan KP-nin islahatçı lideri İmre Had hökumətin başçısı seçildi. Moskvanın təlimatı ilə partiyada Yanoş Kadarın başçılıq etdiyi mühafizəkarlar hökuməti tanımadı və kömək üçün Moskvaya müraciət etdilər. SSRİ və “Varşava bloku” ölkələrinin hərbi kontingenti Budapeştə yeridildi, “antiinqilabi qiyam” yatırıldı.
23 oktyabr 1978 – Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Naxçıvan MSSR-in Naxçıvan rayonu Babək rayonu adlandırılıb. Muxtar respublikanın mərkəzi Naxçıvan şəhəri ayrıca ərazi-inzibati vahid (respublika əhəmiyyətli şəhər) olub.
23 oktyabr 1991 – SSRİ Dövlət Şurasının (“Avqust qiyamı”ndan (QKÇP) sonra SSRİ Ali Soveti təsis edilən müvəqqəti idarəetmə orqanı) qərarı ilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi ləğv edilib.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
23 oktyabr 1920 – İtalyan uşaq yazarı Canni Rodari (Gianni Rodari; 1920 – 14.4.1980) anadan olub. “Çipollinonun sərgüzəştləri” əsəri ilə məşhurlaşıb.
23 oktyabr 1844 – Alman rəssamı Vilhelm Leybl (Wilhelm Maria Hubertus Leibl; 1844 – 4.10.1900) anadan olub.
23 oktyabr 1904 – Rus rəssamı və filosofu Svyatoslav Nikolayeviç Rerix (1904 – 30.1.1993) anadan olub.
23 oktyabr 1929 – Türk yazıçısı Adalet Ağaoğlu (1929 – 14.7.2020) Ankarada doğulub. Türkiyə tarixinin müxtəlif dövrlərinə nəzər salan və geniş ictimai-siyasi müzakirələr doğuran romanları ilə tanınıb.
23 oktyabr 1953 – Tanınmış xanəndə Səxavət Əmirxan oğlu Məmmədov (1953 – 30.9.1991) Ağdam rayonunun Abdal-Gülablı kəndində doğulub. Xalq mahnıları, muğam və təsniflərin mahir ifaçısı olub. Avtomobil qəzasında dünyasını dəyişib.
23 oktyabr 2022 – Əməkdar artist, ustad xanəndə Süleyman Cümşüd oğlu Abdullayev (14.2.1939 – 2022) vəfat edib.
Hazırladı: Vüqar Orxan