Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) kino zalında Azərbaycan Animasiya Assosiasiyası və AKİ-nin birgə təşkilatçılığı Berlin Film Festivalının “Gümüş ayı” mükafatçısı, plastilin animasiyası üzrə rejissor İzabella Pluçinska (Polşa-Almaniya) ilə görüş keçirilib.

AKİ-dən bildirilib ki, tədbirdə tanınmış rejissorun dünyanın müxtəlif festivallarında uğur qazanmış filmləri nümayiş olunub.

Nümayişdən sonra İ.Pluçinska komandası ilə yaradıcılıq prosesini əks etdirən kadrların müşayiəti ilə öz üslubu, personajları necə ərsəyə gətirdiyi, plastilinlə işləməyin səciyyəvi xüsusiyyətləri barədə danışıb.

İzabella Pluçinska hazırda Azərbaycan aşıq musiqisi və modern musiqinin sintezi üzərində qurulmuş animasiya filmi üzərində işlədiyini deyib. Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə ərsəyə gələcək müştərək layihənin prodüseri Rəşid Ağamalıyev, bəstəkarı Azər Hacıəsgərlidir.