Londonda azərbaycanlı musiqiçilər – tanınmış skripka ifaçısı Səbinə Rakçayeva və pianoçu Günel Mirzəyevanın iştirakı ilə “Şərqdən Qərbə” adlı xeyriyyə konserti keçirilib.

Konsert proqramı Beynəlxalq Qırmızı Xaç Komitəsinin keçmiş əməkdaşı Humay Quliyevanın (ədəbiyyatşünas alim, yazıçı, ictimai-siyasi xadim, diplomat Vilayət Quliyevin qızı – red.) xatirəsinə həsr olunub.

Musiqi gecəsi Azərbaycan icması ilə yanaşı müxtəlif ölkələrdən gələn tamaşaçılara mərhəmət, humanizm və dostluq dəyərlərini əks etdirən emosional və unudulmaz bir gün yaşadıb.

Proqram çərçivəsində tanınmış bəstəkarların əsərləri səsləndirilib, videotəqdimatlar nümayiş olunub. Humay Quliyevanın (1985–2021) həyatına, təhsil və humanitar dəyərlərə sadiqliyinə həsr olunmuş çıxışlar dinlənilib.

Konsertin ideyası və bədii rəhbəri Səbinə Rakçayeva olub. Onun rəhbərliyi ilə təqdim edilən proqram Şərq və Qərb musiqi ənənələrini birləşdirərək, səmimi və dərinmənalı bir musiqi körpüsü yaradıb.

Humayın xatirəsini yaşatmaq və işini davam etdirmək məqsədi ilə təsis edilən “Huma Quşu” Təhsilə Yardım Fondunun prezidenti, Humayın anası Şəhla Vəzirova öz çıxışında musiqiçilərə və təşkilatçılara, eyni zamanda iştirakları ilə fondun fəaliyyətinin genişlənməsinə töhfə verən bütün donor və dəstəkçilərə minnətdarlığını bildirib.