Oktyabın 20-də Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, diplomat, tarix elmləri doktoru Həsən Həsənovun anadan olmasının 85-ci ildönümü tamam olur.

Bu münasibətilə Milli Kitabxanada “Həsən Həsənov - 85” adlı ənənəvi kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, sərgidə Həsən Həsənovun elmi tədqiqatları, geniş oxucu dairəsinin maraqla qarşıladığı elmi-siyasi əsərləri, eləcə də həyatı, ictimai-siyasi fəaliyyəti haqqında Azərbaycan və xarici dillərdə kitablar, dövri mətbuat materialları nümayiş olunur.

Qeyd edək ki, Həsən Həsənov 1981-1990-cı illərdə Azərbaycan KP MK-nın katibi işləyib, 1990-1992-ci illərdə Azərbaycanın Baş naziri, 1992-1993-cü ölkəmizin BMT-də ilk daimi nümayəndəsi, 1993-1998-ci illərdə xarici işlər naziri olub. 2004-2010-cu illərdə Azərbaycan Respublikasının Macarıstanda, 2010-2020-ci illərdə isə Polşada səfiri işləyib. 

Azərbaycan tarixinə dair tədqiqat əsərlərinin, pyes və nəsr əsərlərinin müəllifidir. Mirzə Fətəli Axundzadənin həyat və fəaliyyətindən bəhs edən "Brüsseldən məktublar" pyesi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub. 

Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Həsən Əziz oğlu Həsənov 2014-cü ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2020-ci ildə diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif olunub.