Gənc rejissor Ələmdar Faiq oktyabrın 24-dən noyabrın 2-dək Çexiyanın Jihlava şəhərində keçiriləcək 28-ci Jihlava Beynəlxalq Sənədli Filmlər Festivalının “Jihlava yeni baxış və forum” (Jihlava new vision and forum) bölməsinin qaliblərindən biri olub.
Azərbaycan Kinematoqrafçılar İttifaqından (AKİ) bildirilib ki, rejissor sözügedən bölmədə “Ümid bizi aparacaq” adlı film layihəsi ilə iştirak edəcək.
Film-layihə Şabranın Qazbabalı kəndində uzun illərdir həllini tapmayan işməli su problemi barədə material hazırlamaq üçün oraya gələn jurnalistin kənddə təhsili yarımçıq qalan uşaqlara dərs deməsindən bəhs edir.
“Chinarfilm” studiyasının istehsalı olan “Ümid bizi aparacaq” film-layihəsinin təsvir rejissoru Tofiq Əliyev, prodüserləri Sərxan Cəfərli və Türkan Hüseyndir.
“Jihlava yeni baxış və forum” bölməsinin əsas hədəfi sənədli kinoda yeni söz demək potensialı olan layihələrin inkişafına dəstək vermək, beynəlxalq kino sənayesinə tanıtmaq, potensial prodüserlər, satış agentləri ilə əməkdaşlıq qurmasına yardım etməkdir.
Ələmdar Faiqin səfər xərclərini “Kinosəyyah” proqramı çərçivəsində AKİ öz üzərinə götürüb.
Qeyd edək ki, azərbaycanlı rejissor Mətləb Muxtarovun “Yaddaş sarayları” qısametrajlı sənədli filmi də 28-ci Jihlava Beynəlxalq Sənədli Filmlər Festivalında nümayiş olunacaq. Filmin prodüseri Emil Nəcəfin festivalda iştirakının yol xərci AKİ tərəfindən qarşılanıb.