Çinin Hujou şəhərində BMT Turizmin (keçmiş Dünya Turizm Təşkilatı; UN Tourism) təşkilatçılığı ilə “Ən yaxşı turizm kəndləri 2025” mərasimi və üçüncü illik şəbəkə görüşü keçirilib.

Dövlət Turizm Agentliyindən bildirilib ki, tədbirin məqsədi kənd turizminin inkişafına mühüm töhfə verən, davamlılıq və mədəni irsin qorunması sahəsində nümunə göstərən kəndlərin adlarını elan etmək, həmçinin bu proqram çərçivəsində tanınmış kəndlərin nümayəndələrini bir araya gətirərək təcrübə mübadiləsi aparmaq və gələcək istiqamətləri müzakirə etmək olub.

BMT Turizm tərəfindən elan edilən “Ən yaxşı turizm kəndi” müsabiqəsinə Azərbaycandan Xınalıq kəndinin namizədliyi irəli sürülüb. Bu layihənin əsas məqsədi kənd ərazilərində turizmin inkişafı üzrə ən yaxşı nümunələri üzə çıxarmaq, həm də uzun illər boyunca öz unikallığını, mədəni-tarixi irsini qoruyan, bununla yanaşı, həm də müasir turizmin tələblərinə cavab verən kəndləri aşkarlamaqdır.

Müsabiqənin yekununda Xınalıq kəndi BMT Turizmin “Best Tourism Villages” siyahısına daxil edilib. Bu uğur Xınalığın tanıdılmasına, turizm axınının artmasına və yerli icmanın rifahına mühüm töhfə verəcək.

Mərasimdə BMT Turizmin baş katibi Zurab Pololikaşvili mükafatı Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyliyə təqdim edib. 

Qeyd edək ki, BMT Turizmin “Best tourism villages” (“Ən yaxşı turizm kəndləri”) proqramı kənd turizminin inkişafında mədəni, təbii və sosial dəyərləri qoruyaraq dayanıqlı turizmə töhfə verən kəndlərə xüsusi status verir. Bu günə qədər dünyanın 60-a qədər ölkəsində 180 müxtəlif kənd bu statusu qazanıb. Sevindirici və qürurverici haldır ki, artıq bu siyahıda ilk dəfə olaraq Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan Xınalıq kənd də var.

Beş min ildən çox tarixə malik olan Xınalıq fenomeni təkcə Azərbaycan tarixində deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri, əfsanəvi yaşayış məntəqəsidir. 2023-cü 4 sentyabr tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu yaradılıb. Qoruq Dövlət Turizm Agentliyinin tabeliyindədir.

Azərbaycanın “Xınalıq və Köç yolu mədəni landşaftı” nominasiyası 2023-cü il 18 sentyabr tarixində UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. Bu nominasiya sənədi 2021-ci ildə Dövlət Turizm Agentliyi tərəfindən hazırlanıb.

Qoruq ərazisinin UNESCO Dünya İrs Siyahısına daxil edilməsi, Xınalığın minillik tarixini, zəngin mədəni ənənələrini və unikal yaşayış mühitini beynəlxalq səviyyədə tanıdaraq, həm də onun qorunması üçün xüsusi öhdəliklər yaradıb. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Xınalığın mədəni və tarixi dəyərlərinin qorunması, həmçinin yerli icmanın həyat şəraitinin yaxşılaşdırılması istiqamətində müxtəlif layihələr həyata keçirib. 2020-ci ildən başlayaraq kənddə 42 yaşayış evi bərpa olunub, 33 digər tikilinin bərpası üçün isə layihə-smeta sənədlərinin hazırlanması prosesi tamamlanıb. Bundan əlavə, turizm infrastrukturunun yenilənməsi işi davam etdirilib, kəndi ziyarət edən turistlər üçün avtodayanacaq və sanitar qovşaqlar tikilib istifadəyə verilib. Aparılmış bərpa və abadlıq işlərinə kənd sakinləri aktiv şəkildə cəlb olunub ki, bu da öz növbəsində məşğulluq imkanlarının genişlənməsinə şərait yaradıb.

Xınalığın “Ən yaxşı turizm kəndi” beynəlxalq statusu əldə etməsi bu kənddə yeni turizm xidmətlərinin və məhsullarının formalaşmasına böyük töhfə verəcək. Bu beynəlxalq tanınma Azərbaycanın turizm potensialının dünyada geniş miqyasda tanıdılmasına xidmət edir.