18 oktyabr Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. 1991-ci il oktyabrın 18-də Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edib.
Tarixdəki olaylar
18 oktyabr 1867 – Rusiyadan satın alınan Alyaska rəsmən ABŞ-nin ərazisi elan edilib. Rusiya İmperiyası Senatı həmin ilin 30 martında imzalanmış müqaviləni təsdiq etdikdən sonra müvafiq protokol ABŞ rəsmilərinə təqdim edilib. Alyaska (1,5 milyon kvadrat kilometr) o dövr üçün böyük məbləğ sayılan 7,2 milyon dollara (qızılla) ABŞ-yə satılmışdı. 18 oktyabr ABŞ-də “Alyaska günü” kimi qeyd edilir.
18 oktyabr 1911 – Osmanlı dövləti ilə İtaliya arasında Liviya uğrunda gedən müharibənin başa çatmasına dair sülh sazişi imzalanıb. Osmanlı paytaxt Tripoli də daxil olmaqla Liviyanın bir hissəsini İtaliyanın nəzarətinə keçməsinə razılaşıb.
18 oktyabr 1991 – Azərbaycan Parlamenti – Ali Sovet “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edib. Konstitusiya Aktı Azərbaycanın müstəqilliyini bərpa etməsi barədə Ali Sovetin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinin davamı olaraq qəbul olunub. 6 fəsil, 32 maddədən ibarət sənədin preambulasında 1918-1920-ci illər Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycanın Rusiya tərəfindən ilhaq edildiyi qeyd olunur, Konstitusiya Aktının Azərbaycan Milli Şurasının 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə əsaslandığı vurğulanırdı. 18 oktyabr Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür.
18 oktyabr 1991 – Prezident Ayaz Mütəllibov Azərbaycanın şəhər və rayonlarında icra hakimiyyəti başçısı vəzifəsinin təsis edilməsi barədə fərman verib.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
18 oktyabr 1859 – Fransız filosofu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1927) Anri Berqson (Henri-Louis Bergson; 1859 – 4.1.1941) anadan olub. Əsərləri: “Yaradıcılıq təkamülü”, “Materiya və yaddaş”.
18 oktyabr 1926 – Amerika müğənnisi və bəstəkarı, rok-n-rollun ilk ifaçılarından biri Çak (Çarlz) Berri (Charles Edward Anderson Berry; 1926 – 18.3.2017) anadan olub.
18 oktyabr 1926 – Teatr rejissoru, pedaqoq Nəsir Müseyib oğlu Sadıqzadə (1926 – 27.11.1996) Şuşada anadan olub. Akademik Dram, Gəncə, Sumqayıt və b. teatrlarda çalışıb, Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. Filmlərdə (“Qətl günü”, “Bəxt üzüyü”) çəkilib.
18 oktyabr 1949 – Əməkdar incəsənət xadimi, tanınmış rejissor, aktyor Vaqif İbrahimoğlu (Həsənov; 1949 – 12.5.2011) Bakının Mərdəkan qəsəbəsində doğulub. Musiqili Komediya, Milli Dram teatrlarında tamaşalar hazırlayıb. 1989-cu ildə “Yuğ” teatrını yaradıb. Filmlərdə çəkilib: “Qəm pəncərəsi”, “Otel otağı” və s.
Hazırladı: Vüqar Orxan