Xəbər verdiyimiz kimi, Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində bp şirkətinin (Böyük Britaniya) sponsorluğu ilə dahi bəstəkarın Bakıdakı ev-muzeyinin direktoru Xalq artisti Sərdar Fərəcovun və muzey əməkdaşlarının birgə təşəbbüsü və əməyi nəticəsində silsilə nəşrlər hazırlanaraq işıq üzü görüb.
Bunlar “Uşaqlara hədiyyə” – səs və fortepiano üçün mahnılar, “Vokal silsilə” – səs və fortepiano üçün klavir, “Unudulmaz incilər” (partituralar) və dahi bəstəkarın xatirəsinə həsr olunmuş yeni nəşr – “Ömür albomu” adlı kitablar, həmçinin bəstəkarın ev-muzeyi haqqında üç dildə (Azərbaycan, ingilis, rus) məlumat kitabçasıdır.
Birinci kitabda (“Uşaqlara hədiyyə”) uşaqlar üçün nəzərdə tutulmuş musiqi parçaları, ikinci kitabda (“Vokal silsilə”) səs və piano üçün nəzərdə tutulmuş klavirlər, üçüncü kitabda (“Unudulmaz incilər”) bəstəkarın ən dəyərli partituraları toplanıb. Nəfis tərtibatda nəşr olunmuş “Ömür albomu” Üzeyir Hacıbəylinin həyat və yaradıcılığını, musiqi irsini və ictimai fəaliyyətini əks etdirir. Kitabda bəstəkarın ömür yolunun müxtəlif mərhələləri, pedaqoji və publisistik fəaliyyəti, həmçinin Azərbaycan musiqisinin inkişafına verdiyi əvəzsiz töhfələr sənədli faktlar və zəngin foto-illüstrasiyalar əsasında təqdim olunur.
Oktyabrın 16-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında sözügedən nəşrlərin təqdimatı olub. Tədbirdə həmçinin bəstəkarın şah əsərlərindən ibarət konsert proqramı təqdim edilib.
Tədbirdə mədəniyyət naziri Adil Kərimli, digər rəsmilər, mədəniyyət, elm xadimləri iştirak ediblər.
Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyinin direktoru Sərdar Fərəcov və bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Ciovanni Kristofoli birgə layihə haqqında söz açıblar.
Təqdimatla bağlı şirkətin yaydığı məlamatda bildirilir ki, bp əlamətdar yubiley münasibətilə dahi bəstəkarın misilsiz irsinin qorunmasına töhfə olan xüsusi kitablar komplektinin nəşrinə dəstək verib. Şirkət Azərbaycanın mədəniyyət tarixinin zirvəsində dayanan nəhəng şəxsiyyətlərdən biri, xalqın milli klassik musiqisinin və professional bəstəkarlıq məktəbinin banisi, ilk milli operanın müəllifi, görkəmli maarifçi, dramaturq və publisist Üzeyir bəy Hacıbəylinin anadan olmasının 140 illiyini Azərbaycan xalqı ilə birlikdə bayram etməkdən qürur duyur.
Layihə Azərbaycanın mədəni irsinin, o cümlədən onun zəngin tarixinin və əsrarəngiz sənət xəzinəsinin təbliği və tədqiqinə dəstək istiqamətində bp-nin davamlı öhdəliyini əks etdirir.
“Bu nəşrləri təqdim etmək bizim üçün böyük şərəfdir. Bu, Üzeyir Hacıbəylinin möhtəşəm irsinə və Azərbaycanın milli musiqisinə verdiyi əvəzsiz töhfələrə dərin ehtiramımızın ifadəsidir. Onun milli musiqimizin ruhu və nəfəsi ilə yoğurulmuş və dünya musiqi ritmləri ilə zənginləşdirilmiş, dərin sənət ustalığı və emosional dolğunluqla yaradılmış əsərləri bu gün də həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda insanları ruhlandırır. Ümid edirik ki, bu nəşrlər Üzeyir bəyin nəhəng irsinin və onun yalnız bir bəstəkar kimi deyil, həm də böyük alim və publisist kimi gələcək nəsillərin formlaşmasına zamansız təsir gücünün daim yaşamasına xidmət edəcək”, - deyə bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli qeyd edib.