Oktyabrın 16-da F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə yazıçı Gülzar İbrahimova və “Modern School” məktəbinin 2-ci sinif şagirdləri arasında görüş keçirilib.

Tədbirin əsas məqsədi uşaqlarda oxu vərdişlərini formalaşdırmaq, ədəbiyyata marağı artırmaq və yazıçı ilə canlı ünsiyyət vasitəsilə onların yaradıcılıq düşüncəsini və dünyagörüşünü zənginləşdirməkdir.

Gülzar İbrahimova uşaqlar üçün yazdığı kitablarla yanaşı, ədəbiyyatın gənc nəslin formalaşmasında oynadığı roldan, oxu mədəniyyətinin əhəmiyyətindən və mütaliənin insan həyatındakı yerindən bəhs edib. O, “Mütaliə bayramı” təşəbbüsünün uşaqlarda kitab sevgisini artırmaq, mütaliəni gündəlik həyatın vacib hissəsinə çevirmək baxımından əhəmiyyətini vurğulayıb.

Şagirdlər yazıçıya maraqlı suallar ünvanlayıb, sevdikləri kitablar haqqında fikir mübadiləsi aparıblar.

Yazıçı müəllifi olduğu “Su pərisi və balıqçı” və “Sirus və Virusun macəraları” nağıllarını uşaqlar uçun qiraət edib.

Görüş uşaqların ifasında sözləri Gülzar İbrahimovaya aid olan “Dünya, sən çox gözəlsən” mahnısının səslənməsi ilə yekunlaşıb.

Sonda yazıçı uşaqlara xoş arzularını çatdıraraq, onlara kitab oxumağı həyatlarının ayrılmaz hissəsinə çevirməyi tövsiyə edib.