AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin təşəbbüsü ilə oktyabrın 14-də görkəmli Azərbaycan yazıçısı, dramaturq, maarif xadimi, pedaqoq Süleyman Sani Axundovun (1875–1939) 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş nitqi ilə institutun elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri fil.ü.f.d., dosent Əkrəm Bağırov açıb. O, Süleyman Sani Axundovun yaradıcılıq fəaliyyətindən, onun XX əsr Azərbaycan uşaq ədəbiyyatının inkişafındakı xidmətlərindən bəhs edib.

Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri fil.e.d., dosent Nailə Səmədova, şöbənin aparıcı elmi işçiləri – fil.ü.f.d., dosent Könül Bağırova və fil.ü.f.d. Aytən Quliyeva, Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin elmi işçisi Mərcan Hüseynova mövzuya uyğun məruzələrində Süleyman Sani Axundov arxivinin və xatirələrinin əlyazma-nəşr nüsxələrindən, onun nəsr irsində aparılan tekstoloji araşdırmalardan, ədibin arxiv məktublarından, o cümlədən uşaq ədəbiyyatı yaradıcılığının problematikası məsələlərindən söz açıblar.

Vurğulanıb ki, dövrünün bir sıra mənfiliklərinə, o cümlədən xəsisliyə, tamahkarlığa, qadın əsarətinə qarşı çıxmış yazıçı öz əsərlərində müsbət surətlər yaradaraq yeni nəsli həqiqətə, fədakarlığa sövq etməyə, oxucu və tamaşaçılarda gözəl həyat arzuları oyatmağa çalışıb.

Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin müdiri fil.ü.f.d. Rəna İskəndərli məruzə ətrafında çıxış edərək ədibin Azərbaycan uşaq ədəbiyyatına yeni forma, məzmun və üslub yenilikləri gətirdiyini diqqətə çatdırıb.

Tədbir çərçivəsində iştirakçılar institutun ekspozisiya zalında “Süleyman Sani Axundov – 150” adlı sərgi ilə tanış olublar. Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin hazırladığı sərgidə ədibin əlyazmaları, elmi-publisistik materialları, portreti və fotoları nümayiş olunub.