Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında Azərbaycan ədəbiyyatı nümunələrinin alman dilinə tərcüməsi üzrə “Əhməd Şmide mükafatı” (Achmed-Schmiede-Preis) üçün müsabiqə keçirilib.

Bu ilin aprel ayında elan olunan müsabiqə Azərbaycan ədəbiyyatının yaxın dostu və tərcüməçisi, tanınmış almaniyalı ədəbiyyatşünas, türkoloq Əhməd Şmidenin (Hanspeter Achmed Schmiede) xatirəsinə həsr edilib.

Berlində doğulan, gənc yaşlarında müsəlmanlığı qəbul edən Əhməd (Hanspeter) Şmide (1935–2010) “Dədə Qorqud” eposundan parçaları, Azərbaycan nağıllarını, bir sıra şair və yazıçılarımızın əsərlərini alman dillinə tərcümə edib. Azərbaycan-alman ədəbi-mədəni əlaqələrinə mühüm töhfələr verən tərcüməçi və alim 1996-cı ildə Bakı Dövlət Universitetini fəxri doktoru adına layiq görülmüşdü.

Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan dilindən ədəbi əsərin alman dilinə ən yaxşı tərcüməsinə görə “Əhməd Şmide mükafatı”nın qaliblərini oktyabrın 15-də elan edib.

Birinci yerə Nilufər Məmmədzadə Əhməd bəy Ağaoğlunun "Mən kiməm?" əsərinin tərcüməsinə görə, ikinci yerə Mixael Raynhard Hess (Michael Reinhard Heß; ədəbiyyatşünas, Nəsimi irsinin araşdırıcısı) yazıçı Samirə Əşrəfin "Açılmayan çətir" hekayəsinin tərcüməsinə görə, üçüncü yerə Yusif Savalan Xalq şairi Musa Yaqubun şeirlərinin tərcüməsinə görə layiq görülüb.

Qeyd edək ki, “Əhməd Şmide mükafatı” ədəbi tərcümə müsabiqəsində 1-ci yer üçün 1500, 2-ci yer üçün 1000, 3-cü yer üçün 500 avro mükafat nəzərdə tutulub.