“Ad günü” filmində tərəf-müqabil olmuş Azərbaycanın Xalq artisti Hacı İsmayılov və Gürcüstanın Əməkdar artisti David Uplisaşvili bu günlərdə Tbilisidə görüşüblər.

Məşhur filmdə Mustafa müəllim obrazını yaratmış Hacı İsmayılovun filmdə Əli rolunu oynamış həmkarı ilə görüşü Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Tbilisiyə qastrolu zamanı baş tutub.

Akademik Milli Dram Teatrı oktyabrın 14-də Şota Rustaveli adına Gürcüstan Milli Teatrının səhnəsində “Şükriyyə” tamaşasını nümayiş etdirib.

Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) sədri Hacı İsmayılov tamaşadan sonra keçirilən görüşdə gürcü həmkarına ATXİ-nin “Teatr xadimi” medalını və “Ad günü” filmində çəkildikləri kadrdan rəsm əsərini təqdim edib.

Xatırladaq ki, “Azərbaycanfilm”in istehsalı olan “Ad günü” filmi 1977-ci ildə çəkilib. Filmin quruluşçu rejissoru Rasim Ocaqov, ssenari müəllifi Rüstəm İbrahimbəyov, quruluşçu operatoru Zaur Məhərrəmov, rəssamı Kamil Nəcəfzadə, bəstəkarı Emin Sabitoğludur. R.İbrahimbəyov ssenarini özünün "Ezamiyyət" və "Ad günü" hekayələri əsasında qələmə alıb.

1980-ci ildə ekran əsərinin əsas yaradıcı heyəti, o cümlədən baş rolların ifaçıları Hacı İsmayılov və David Uplisaşvili Azərbaycan SSR-in Dövlət mükafatına layiq görülüblər.