
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Rəssamlar İttifaqının maliyyə dəstəyilə “Kino rəssamlığının tarixi və müasir mənzərəsi” kitabı çapdan çıxıb.
AKİ-nin üzvü, rəssam, sənətşünaslıq elmləri namizədi Səyyad Bayramovun müəllifi olduğu kitab Azərbaycanın tanınmış kino rəssamlarının fəaliyyətindən, bu tarixdə kino sənətinin keçdiyi inkişaf yolundan bəhs edir. Kitabda mövzuya kompleks halda yanaşılaraq bütün istiqamətləri üzrə təhlillər aparılıb.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabın redaktoru Əməkdar incəsənət xadimi Rafiq Quliyev, rəyçilər Xalq artisti Həmidə Ömərova, sənətşünaslıq üzrə fəlsəfə doktorları Vidadi Qafarov, Fəridə Quliyevadır.
Müəllif Səyyad Bayramov "Ön söz"də kino sənəti ilə yanaşı, eyni zamanda rəssamlığı dərindən bilməyin də vacib olduğunu qeyd edərək bildirir ki, kino rəssamı kino məkanının yaradıcısıdır, məkan isə həmişə həndəsidir: “Bu da o deməkdir ki, kino rəssamlığının öyrənilməsinin bir ucu da riyazi elmlərə söykənir. Kinorejissor üçün aktiv fəaliyyət məkanını quraşdıran məhz kino rəssamıdır. Onun işi kino operator işinin xüsusiyyətlərini müəyyənləşdirən əsas faktorlardan biridir. Kino rəssamının istedad və bacarığı aktyor oyununa da duyumlu tərzdə təsir göstərmək iqtidarındadır”.