Milli Kitabxanada görkəmli musiqişünas və tədqiqatçı, Əməkdar incəsənət xadimi Firudin Şuşinskinin (1925–1997) anadan olmasının 100 illik yubileyi münasibətilə kitab sərgisi açılıb.

Sərgidə Firudin Şuşinskinin əsərləri, həyatı və yaradıcılığı haqqında kitablar və dövri mətbuat materialları nümayiş olunur.

Firudin Mahmud oğlu Həsənov (Firudin Şuşinski) 1925-ci il oktyabrın 20-də Şuşada anadan olub. İlk təhsilini Şuşada alıb, 1931-ci ildə musiqi məktəbində skripka dərslərinə başlayıb. Pedaqoji məktəbi bitirdikdən sonra bir müddət müəllim işləyib.

1941-1945-ci illər SSRİ-Almaniya müharibəsində (1942-ci ildən) iştirak edən Firudin Şuşinski müharibədən sonra bir il Ağdamda ədəbiyyat müəllimi kimi çalışıb. Bakı Dövlət Universitetinin Tarix fakültəsində ali təhsil alıb. Bakı məktəblərində tarix müəllimi işləyib.

Şuşinski Azərbaycan musiqi tarixinin tədqiqatçısı olub. İlk nəşr olunmuş məqaləsi “Vaqif və Qarabağ” olub. 1968-ci ildə “Şuşa” kitabı, 1970-ci illərdə Cabbar Qaryağdı və Seyid Şuşinski haqqında kitabları, 1979-cu ildə “Azərbaycanın xalq müğənniləri və musiqiçiləri” kitabı nəşr olunub.

Firudin Şuşinski 1989-cu ildə Azərbaycan SSR “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb. 1997-ci il oktyabrın 25-də vəfat edib.

2007-ci ildə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin təşəbbüsü ilə Şuşinskinin topladığı materiallar əsasında tarzən Mirzə Sadıxın həyat və yaradıcılığına həsr olunmuş “Sadıxcan” kitabı işıq üzü görüb.