Bülbülün Memorial Muzeyində Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, öz şeirlərindəki saflıq, romantik əhval, yüksək həyat eşqi ilə seçilən Mikayıl Müşfiqin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.

Bu barədə muzeydən məlumat verilib.

"Azərbaycan ədəbiyyatının Müşfiq zirvəsi" adlı tədbir Bülbülün Memorial Muzeyi və "Gənclərin Töhfəsi" İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə Dövlət İdarəçilik Akademiyasının müəllimi, "Gənclərin töhfəsi" İctimai Birliyi sədrinin I müavini Murad Həsənxanlı, Dövlət İdarəçilik Akademiyasının tələbəsi, layihə rəhbəri Ayşən Zeynalova şairin həyat və yaradıcılığından söz açıblar.

Tədbirdə gənclər tərəfindən Mikayıl Müşfiqin şeirləri qiraət olunub, onun sözlərinə yazılmış mahnılar səsləndirilib.

Bakı Musiqi Akademiyasının tələbələri, Bülbül vokal məktəbinin (təsisçi və rəhbər Əməkdar artist Ramil Qasımov) məzunları Aytac Nəsibova və Fidan Sultanova "Yaşa, könül", "Sənin gülüşlərin" mahnılarını oxuyublar. Azərbaycan Milli Konservatoriyasının tələbəsi Vüsal Məmmədov tarda "Yenə o bağ olaydı", "Oxu, tar" əsərlərini ifa edib.

Sonda Bülbülün Memorial Muzeyi və ictimai birlik adından gənclərə təşəkkürnamə təqdim olunub.

Tədbirdə qonaq qismində paytaxtdakı bir sıra ev-muzeylərinin rəhbərləri də iştirak ediblər.