Özbəkistan Respublikası Elmlər Akademiyasının Əbu Reyhan Əl-Biruni adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini tarix e.d., professor Surayyo Kərimova (Сурайё Каримова) və həmin institutun Klassik ədəbiyyat şöbəsinin müdiri fil.ü.f.d., dosent Salimaxon Eşonova (Салимахон Эшонова) iyulun 23-də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olublar.
Bu barədə institutdan məlumat verilib.
Qonaqları institutun elmi katibi tarix ü.f.d., dosent Aynur Hacıqədirli, rəqəmsal inkişaf üzrə direktor müavini fil.ü.f.d., dosent Xatirə Yusifova və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fəridə Həsənova qarşılayıb, onlara institutun tarixi və elmi fəaliyyət istiqaməti, burada mühafizə olunan əlyazma nümunələri, əski çap kitabları, aparılan elmi tədqiqat işləri və yeni nəşrlər barədə geniş məlumat veriblər.
İnstitutun Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin tərcüməçisi Aysel Atakişiyeva özbəkistanlı alimlərə ekspozisiya zalında sərgilənən eksponatlardan bəhs edib, UNESCO-nun “Dünya yaddaşı” Beynəlxalq Reyestrinə daxil edilən əlyazma nüsxələrini, o cümlədən həmin siyahıya salınan Xurşidbanu Natəvanın “Gül dəftəri” illüstrasiyalı şeirlər albomunu diqqətə çatdırıb.
Görüş əsnasında S.Kərimova və S.Eşonova “Özbəkistan Respublikası Elmlər Akademiyasının Şərq əlyazmaları kolleksiyası: Dublikat fondunun qısa kataloqu” üçcildliyini institut fonduna hədiyyə ediblər. X.Yusifova isə “Azərbaycan multidissiplinar əlyazması: Xəzinədən incilər” kitabının ingiliscə nəşrini və institutun yeni nəşrlərindən bir neçəsini qonaqlara təqdim edib.
Sonda özbəkistanlı alimlər Əlyazmalar İnstitutunun xatirə kitabına ürək sözlərini yazıblar.
***
Özbəkistan Elmlər Akademiyasının Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini professor Surayyo Kərimova və Klassik ədəbiyyat şöbəsinin müdiri dosent Salimaxon Eşonova Milli Azərbaycan Ədəbiyyatı Muzeyində də olublar.
Muzeydən bildirilib ki, qonaqlar böyük özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin türkdilli ədəbiyyatın inkişafındakı rolu, Nizami “Xəmsə”sinə nəzirə yazması barədə məlumat alıblar.
Özbəkistan alimləri iki ölkə arasında ədəbi əlaqələr barədə fikirlərini bölüşüb, Nəsimi və Füzuli yaradıcılığından nümunələr səsləndiriblər. Onlar Özbəkistan-Azərbaycan arasında elmi, ədəbi əlaqələrin bundan sonra da inkişaf edəcəyinə, qardaş ölkələrin ortaq türk mədəniyyətinə töhfələr verəcəyinə əminliklərini bildiriblər.

























