Oktyabrın 15-də Xankəndi şəhərində III Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib.
"İqlimədavamlı və sağlam şəhərlərə doğru: regional tərəfdaşlıqlar və innovativ həllər” mövzusunda tədbir Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə tərəfdaşlığı çərçivəsində reallaşır. Foruma 60-dan çox ölkədən nümayəndələr, beynəlxalq təşkilatların, akademik institutların və vətəndaş cəmiyyətinin təmsilçiləri qatılıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forum iştirakçılarına müraciətini oxuyub.
Sonra BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru xanım Anaklaudiya Rossbax çıxış edib. III Azərbaycan Milli Şəhərsalma Forumunun qlobal şəhərsalma gündəliyinin həyata keçirilməsi və dayanıqlı şəhərlərin qurulması istiqamətində mühüm çoxtərəfli əməkdaşlıq fürsəti olduğunu deyən qonaq həmçinin 2026-cı ildə ölkəmizin ev sahibliyi edəcəyi Dünya Şəhərsalma Forumunun XIII sessiyasına hazırlıq proseslərində Azərbaycan hökumətinin fəaliyyətindən və dəstəyindən razılığını ifadə edib.
“Qlobal enerji istehlakının 75 faizdən, istixana qazı emissiyalarının 70 faizdən çoxu şəhərlərdə formalaşır. Bununla belə, iqlim dəyişikliyinin təsirləri də ən çox şəhərlərdə hiss olunur – temperaturun artmasından və dəniz səviyyəsinin yüksəlməsindən tutmuş daşqınlara və su qıtlığına qədər. Buna baxmayaraq, şəhərlərin ehtiyacları daxili və qlobal iqlim maliyyələşməsində kifayət qədər təmsil olunmur. Biz təkcə yumşaldıcı tədbirlərdə geridə qalmırıq, həm də ən çox ehtiyac duyulan yerlərdə davamlılığa az investisiya qoyuruq. Şəhər artımının sürətini nəzərə alsaq, bu, xüsusilə narahatedicidir”, – deyən UN-Habitat-ın icraçı direktorunun sözlərinə görə, 2050-ci ilə qədər dünya əhalisinin təxminən 70 faizi şəhərlərdə yaşayacaq. Şəhər davamlılığını təmin etmək üçün atdığımız addımlar bizi yüksək emissiyalı gələcəyə kilidləyəcək, yoxsa inklüziv, aşağı karbonlu şəhər inkişafı yolunu açacaq – III Azərbaycan Milli Şəhərsalma Forumu kimi tədbirlər məhz bu məqsədə xidmət edir. A.Rossbax bildirib ki, 2026-cı ildə Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumunun XIII sessiyası öhdəlikləri yeniləmək, irəliləyişi izləmək və tərəfdaşlıqları kataliz etmək üçün qlobal yoxlama məkanı olacaq.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev çıxışında 64 ölkədən 400-ə yaxın iştirakçının qatıldığı Milli Şəhərsalma Forumunun dayanıqlı şəhər inkişafı sahəsində təcrübə mübadiləsi üçün geniş imkanlar yaratdığını və Azərbaycanın urbanizasiya siyasətini beynəlxalq standartlara uyğunlaşdırmaq təşəbbüsü baxımından əhəmiyyətini vurğulayıb.
Bildirib ki, Azərbaycan Prezident İlham Əliyevin siyasi iradəsi və uzaqgörənliyi sayəsində Bakıdan Qarabağadək, ölkənin bütün bölgələrinə qədər genişmiqyaslı şəhərsalma transformasiyası həyata keçirir. Bu transformasiya Azərbaycanın dayanıqlı inkişaf, innovativ şəhərsalma və inklüziv böyüməyə olan sadiqliyini əks etdirir.
Onun sözlərinə görə, Azərbaycanda keçirilən Milli Şəhərsalma forumları dialoq, əməkdaşlıq və təcrübə mübadiləsi üçün mühüm platforma kimi çıxış edir. 2022-ci ildəki ilk forum hökumət nümayəndələri, ekspertlər və beynəlxalq tərəfdaşları bir araya gətirərək, milli şəhərsalma çərçivəsini formalaşdırmağa imkan verdi. Bu təməlin üzərində, 2023-cü ildə keçirilən ikinci forum əməkdaşlıq mühitini daha da gücləndirib və innovasiyaların təşviq edilməsi ilə yanaşı, Yeni Şəhər Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunluğu təmin edib.
Son üç il ərzində Milli Şəhərsalma Forumu sadəcə adi tədbir deyil, davamlı şəhərsalma sahəsində dialoq, əməkdaşlıq və ortaq irəliləyiş üçün institusional bir platformaya çevrilib.
Çıxışlarla davam edən forumda BMT-nin Məskunlaşma Proqramı Assambleyasının prezidenti, Malayziyanın Mənzil tikintisi və yerli özünüidarəetmə naziri Nqa Kor Minqin tədbir iştirakçılarına videomüraciəti təqdim olunub.
Forum panel müzakirə ilə davam edib.
Qeyd edək ki, üç gün davam edəcək tədbirdə münaqişə və təbii fəlakətlərdən sonrakı dayanıqlı bərpa prosesləri, mənzil təminatı və layiqli yaşayış məskənləri, dayanıqlı və sağlam şəhərlər, ekoloji və enerji üzrə effektiv təcrübələr, rəqəmsallaşma və innovativ yanaşmalar, BMT-nin Davamlı İnkişaf Məqsədləri və Yeni Şəhər Gündəliyi, regional və beynəlxalq tərəfdaşlıqların inkişafı kimi mövzular müzakirə olunur.
Foruma oktyabrın 17-də Bakıda yekun vurulacaq.