Tarixdəki olaylar

 

16 oktyabr 1853 – Krım müharibəsi başlanıb. Müharibədə Rusiya və ona qarşı Osmanlı, Britaniya və Fransa alyansı çıxış edirdi. Üç il sürən müharibənin yekununda (1856-cı il 30 mart, Paris sülhü) Rusiya Qara dənizdə hərbi donanma saxlamaq hüququndan məhrum edildi. Bessarabiyanın cənubu Osmanlıya verildi. Rusiya 1878-ci ildə Osmanlı ilə müharibədən sonra itirdiyi mövqeləri özünə qaytardı.

 

16 oktyabr 1992 – Azərbaycanın bir qrup ziyalısı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək ondan ölkənin siyasi həyatında fəal iştirak etməyi və yeni yaradılan siyasi təşkilata liderliyi üzərinə götürməyi xahiş edib. "Səs" qəzetində dərc olunan müraciətə 91 nəfər imza atmışdı. Bu hadisə Azərbaycanın yeni tarixinə "91-lərin təşəbbüsü" kimi düşüb. Heydər Əliyev müraciətə müsbət cavab verib və Azərbaycanın siyasi həyatında yeni təşkilatın – Yeni Azərbaycan Partiyasının təşəbbüs qrupu yaranıb. Partiyanın təsis konfransı 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilib.

 

16 oktyabr 2004 – Ağstafa rayonunun Böyük Kəsik kəndində – Azərbaycanla Gürcüstanın (Qardabani rayonu) sərhədində Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin Azərbaycan və Gürcüstan hissələrinin birləşdirilməsi mərasimi keçirilib. "Qızıl qaynaq" mərasimində iki ölkənin prezidentləri İlham Əliyev və Mixail Saakaşvili iştirak ediblər. Bundan sonra BTC neft kəmərinin tikintisi yekun mərhələyə qədəm qoyub.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

16 oktyabr 1888 – Amerika dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1936) Yudjin O’Nil (Eugene Gladstone O’Neill; 1888 – 27.11.1953) anadan olub.  Pyesləri: “Üfüqün arxasında”, “Buz paylayan gələcək”, “Qarağaclar altında məhəbbət”.

 

6 oktyabr 1923 – Xalq yazıçısı, şair, ədəbiyyatşünas Gülhüseyn Hüseynoğlu (Gülhüseyn Hüseyn oğlu Abdullayev; 1923 – 8.7.2013) Masallı rayonunun Mollaoba kəndində doğulub. Azərbaycan ədəbiyyatında mənsur şeirin dəyərli nümunələrini yaradıb. BDU-nun professoru olub.

 

16 oktyabr 1923 – Əməkdar incəsənət xadimi, bəstəkar Asya Baxış qızı Sultanova (1923 – 22.11.2021) Bakıda anadan olub. 1950-ci illərdən Moskvada yaşayıb, mahnılarını dövrün məşhur müğənniləri oxuyublar.

 

16 oktyabr 1926 – Bəstəkar, pedaqoq, Xalq artisti, professor Ramiz Hacı oğlu Mustafayev (1926 – 10.4.2008) anadan olub. “Vaqif”, “Polad”, “Xan və əkinçi” operalarının, operettaların, simfoniyaların və s. müəllifidir. 1940-cı illərdə Akademik Dram Teatrında aktyor kimi fəaliyyət göstərib.

 

16 oktyabr 1927 – Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1999) Günter Qrass (Günter Wilhelm Grass; 1927 – 13.4.2015) anadan olub. Əsərləri: “Tənəkə təbili”, “Pişik və siçan”, “İt illəri”, “İblisin gündəliyindən”.

 

16 oktyabr 1935 – Yazıçı və kinodramaturq Əli Hüseyn oğlu Qafarov (1935–1979) anadan olub. “Azərbaycanfilm”də çəkilmiş bir neçə bədii (“Qızıl qaz”, “Çarvadarların izi ilə”) və sənədli filmlərin ssenari müəllifidir.

 

16 oktyabr 1946 – Kinooperator Köçəri Məmmədov (1946–2008) Gədəbəy rayonunda doğulub. Azərbaycanın yeni tarixini əks etdirən sənədli və xronikal filmlərin operatoru olub.

Hazırladı: Vüqar Orxan