Oktyabrın 14-də Naxçıvan Dövlət Universitetində (NDU) “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Dövlət suverenliyi və milli birliyin qorunmasının ideoloji əsaslarının təhlili” mövzusunda panel müzakirə təşkil olunub. Tədbir QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrantı əsasında Bakı Politoloqlar Klubunun təşkilatçılığı, NDU-nun tərəfdaşlığı ilə gerçəkləşib.
Universitetinin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, NDU-nun “Ümumi hüquq” kafedrasının müəllimi Əziz Qasımovun moderatorluğu ilə keçirilən tədbirdə konstitusiya və suverenlik anlayışının sosial-hüquqi mahiyyəti, dövlət suverenliyi və milli birlik, eləcə də müstəqillik illərində Azərbaycanın inkişaf strategiyasında xüsusi yer tutan dövlət gənclər siyasətində ideoloji əsaslara dair çıxışlar olub, fikir mübadiləsi aparılıb.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, bu il xüsusilə əlamətdardır, çünki ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasının 5-ci, müstəqil dövlətçiliyimizin hüquqi əsası olan Konstitusiyanın qəbulunun isə 30-cu ildönümü qeyd edilir. Rektor qlobal informasiya müharibələrinin, ideoloji təxribatların və hibrid təhlükələrin artdığı bir dövrdə milli birliyin möhkəmlənməsində bu kimi maarifləndirmə tədbirlərinin təşkilinin önəmli olduğunu qeyd edib. “Ali təhsil ocağında keçirilən bu cür elmi-ideoloji müzakirələr gənclərin milli şüurunun formalaşmasına, onların dövlətçilik prinsiplərinə sədaqətinin güclənməsinə və milli ideoloji immunitetin möhkəmlənməsinə xidmət edir”, - deyə o əlavə edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Arzu Abdullayev çıxış edərək bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının 30 illiyini və Vətən müharibəsində qazanılan tarixi Zəfərimizin 5 illiyini özündə səciyyələndirir. Bu Sərəncam həm də əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan dövlətçilik ənənələrinin, milli maraqların, strateji hədəflərin ümumilikdə konsepsiyasını təşkil edir.
Milli Məclisin deputatı Vüqar Rəhimzadə ideoloji çağırışlar, informasiya təhlükəsizliyi və dövlətin ideoloji siyasətinin həyata keçirilməsi mexanizmləri barədə ətraflı danışıb.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov vətəndaş–dövlət həmrəyliyi kimi dəyərlərin qlobal informasiya mühitində qorunmasının strateji əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıb və gələcəyimiz olan gənclərin özlərində fəal vətəndaşlıq mövqeyi formalaşdırması gərəkliyini vurğulayıb.
Sonra panel müzakirədə qeyd olunan mövzulara dair tədbir iştirakçılarının sualları cavablandırılıb.