Oktyabrın 13-də Ankarada Hacı Bayram Veli Universitetində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istiqlal şairi, ictimai xadim Əhməd Cavadın (5.5.1892 – 12.10.1937) vəfatının ildönümünə həsr olunmuş mərasim keçirilib.
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) Əhməd Cavad İnstitutu və ölkəmizin Ankaradakı səfirliyinin yanında fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən anım tədbirində diplomatlar, Türkiyə Böyük Millət Məclisinin deputatları, tələbələr, qardaş ölkələrdən ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov tədbir iştirakçıları qarşısında çıxış edərək Əhməd Cavadın yaradıcılığını “Türk dünyasının birləşməsi amili” adlandırıb. Qeyd edib ki, görkəmli şair öz ölkəsinin əsl vətənpərvəri idi, eyni zamanda bütün türk xalqlarına dərin rəğbət bəsləyirdi. Əhməd Cavadın 1937-ci ildə Stalinin repressiyanın qurbanı olduğunu deyən diplomat şairin həyat yoldaşı Şükriyyə xanımın da Qazaxıstanın soyuq bölgələrindən birində 8 il sürgün həyatı yaşadığını xatırladıb. Vurğulayıb ki, bu gün Əhməd Cavadın arzuları reallaşıb. Azərbaycan müstəqillik əldə edib, Türk dünyasında inteqrasiya prosesləri isə geniş vüsət alır. Əhməd Cavadın yaradıcılığı isə yeni nəsil vətəndaşların yolunu işıqlandırmaqda davam edir.
Əhməd Cavad İnstitutunun rəhbəri, MHP liderinin baş müşaviri professor Ruhi Ərsoy çıxışında Əhməd Cavadın Türk dünyasının ədəbi-bədii fikir ustadlarından biri olduğunu deyib: “Ömrü boyu istiqlal ideallarına sadiq qalan bu ustadın yaradıcılığı vətənpərvərlik hissi ilə doludur. Əhməd Cavadın yaradıcılığı Azərbaycanın hüdudlarından kənarda, o cümlədən Türkiyədə geniş şəkildə tanınır. Sözləri Əhməd Cavada məxsus olan məşhur “Çırpınırdı Qara dəniz” mahnısı Türkiyənin hər bir sakininə tanışdır”.
Hacı Bayram Veli Universitetinin rektoru Naci Bostancı və digər mərasim iştirakçıları da Əhməd Cavad irsinin əhəmiyyətindən danışıblar.
Mərasimdə Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifinin xatirəsinə həsr olunmuş “TRT Avaz” televiziya kanalının hazırladığı sənədli film nümayiş etdirilib.
Tədbir çərçivəsində Stalin repressiyalarının qurbanı olmuş Türk dünyası ziyalılarının nümayəndələrinə həsr olunmuş fotosərgi də təşkil edilib.