Oktyabrın 13-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Türkmənistan Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimi keçirilib.

Mərasimində çıxış edən mədəniyyət nazirinin müavini Murad Hüseynov vurğulayıb ki, Azərbaycan və Türkmənistan xalqlarını ortaq tarix, mədəni köklər və sarsılmaz dostluq münasibətləri birləşdirir. İki ölkə arasında əlaqələrin yüksək səviyyədə olması xalqlarımızın bir-birini daha yaxından tanımasına, qarşılıqlı mədəni mübadilənin genişlənməsinə və gələcəkdə birgə layihələrin reallaşdırılmasına əlverişli şərait yaradır.

Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimov da çıxışında Azərbaycan və Türkmənistan arasındakı mədəni əlaqələrin inkişafının əhəmiyyətini qeyd edib. Bildirib ki, Türkmənistan Mədəniyyəti Günlərinin Azərbaycanda keçirilməsi xalqlarımız arasında dostluğun və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə xidmət edir. O, mədəniyyət sahəsində əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə ümidvar olduğunu ifadə edib.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli deyib ki, xalqlarımızın ortaq tarixi və mədəni kökləri üzərində minilliklər boyu inkişaf edən mədəniyyətlərimiz bu gün də qarşılıqlı əlaqədədir. “Birliyimiz və qardaşlığımız daim özünü göstərir. Mədəniyyət və ədəbiyyatlarımız ortaq dəyərlərimizin tərcümanı kimi inkişaf edib. Bu, Türkmənistan-Azərbaycan çoxəsrlik birliyinin yeni dövrdəki ən bariz təcəssümüdür”, – deyə akademik vurğulayıb.

Tədbir iştirakçıları türkmən xalqının zəngin mədəni irsini əks etdirən fotosərgi ilə tanış olublar. Həmçinin Türkmənistanın musiqi alətləri, milli geyimləri, dekorativ-tətbiqi sənət əsərləri və muzey eksponatları nümayiş olunub.

Sonra Heydər Əliyev Mərkəzinin səhnəsində konsert proqramı təqdim olunub. Proqramda türkmən rəqsləri və musiqi nömrələri nümayiş etdirilib.

Xatırladaq ki, oktyabrın 15-dək davam edəcək Türkmənistan Mədəniyyəti Günləri çərçivəsində Bakıda və Gəncədə tədbirlər keçiriləcək.