Bu il Azərbaycanın Xalq şairi, Dövlət mükafatı laureatı Fikrət Qocanın 90 illik yubileyidir. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası bu münasibətlə “Azərbaycan poeziyasında Fikrət Qoca imzası” adlı metodik vəsait hazırlayaraq elektron formatda istifadəçilərə təqdim edib.

Kitabxananın saytında yerləşdirilən vəsaitdə Fikrət Qocanın 90 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamının tam mətni təqdim edilir. Metodik vəsaitdə filologiya elmləri doktoru Baba Babayevin “Sevgidən yoğurulmuş poeziya” adlı məqaləsi, Fikrət Qocanın həyat və yaradıcılığı haqqında qısa məlumat, görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, “Fikrət Qoca irsinin kitabxanalarda təbliği” başlığı altında görkəmli şairin müəllifi olduğu və onun haqqında qələmə alınan kitabların və digər informasiya daşıyıcılarının kitabxanalarda geniş təbliği məqsədilə təşkil edilən müxtəlif kütləvi tədbirlərin həyata keçirilməsinə dair tövsiyələr diqqətə çatdırılır.

Vəsaitin hazırlanmasında əsas məqsəd şairin ədəbi irsini geniş oxucu auditoriyasına, xüsusən də kitabxana işçilərinə, tələbələrə və informasiya sahəsində fəaliyyət göstərən mütəxəssislərə sistemli şəkildə təqdim etməkdir.