M.T.Sidqi adina Naxçıvan Dövlət Kukla Teatrının yeni layihəsi kimi ilk dəfə iki monotamaşanın premyerası olub.
“Balaca şahzadə” və “Məhv olmuş gəncliyim” adlı səhnə işləri teatrın yaradıcılıq fəaliyyətində yenilik olmaqla yanaşı, fərdi aktyor ifasının imkanlarını nümayiş etdirib.
“Balaca şahzadə” insan ruhunun saflığını və mənəvi dəyərlərini, “Məhv olmuş gəncliyim” isə gəncliyin itirilmiş arzularını və həyat mübarizəsini təsirli şəkildə əks etdirir.
Premyerada aktyorlar Sadiq Əliyevin və Aysu Babayevanın səmimi ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Bədii məzmunu və oyun estetikası ilə diqqəti çəkən hər iki monotamaşa teatrın yeniliklərə açıq, müasir səhnə düşüncəsinə malik yaradıcı məkan kimi formalaşdığını bir daha təsdiqləyib.
Teatrın direktoru və "İlk addım" monotamaşa layihəsinin rəhbəri Səyyad Məmmədov bildirib ki, bu layihə Naxçıvan Dövlət Kukla Teatrında monotamaşa janrının inkişafı üçün ilk addımdır və gələcəkdə davam etdiriləcək. Bu premyera teatrın yaradıcılıq istiqamətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Teatr yalnız uşaqlar üçün deyil, gənclər üçün də yeni tamaşalar hazırlayaraq repertuar planını zənginləşdirir.