Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü, Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzi, Azərbaycan Teatr Xadimləri ittifaqı və “Emedia Group”un birgə təşkilatçılığı ilə 2026-cı il 10–17 mart tarixlərində Bakıda 2-ci Uşaq Teatr Festivalı keçiriləcək.

Azərbaycan peşəkar milli teatrının yaranmasının (1873) 153-cü ildönümünə və 10 mart – Milli Teatr Gününə həsr olunan festival 6–14 yaşarası uşaqlar üçün nəzərdə tutulub və müxtəlif xalqların nağıllarının səhnə dili vasitəsilə təqdim olunmasını, bu nağılların müasir uşaqların düşüncə tərzinə uyğun şəkildə canlandırılmasını məqsəd kimi müəyyən edib.

Layihənin rəhbəri Fərid Bağırov, ideya müəllifi Tural Əliyevdir. Onların rəhbərliyi və yaradıcılıq yanaşması sayəsində festivalın proqramı uşaqların teatr sənətinə marağını artırmaq, onların estetik zövqünü formalaşdırmaq və yaradıcılıq potensialını üzə çıxarmaq məqsədi daşıyır.

Festival çərçivəsində uşaqlar nağıl qəhrəmanlarını canlandıraraq həm əyləncəli, həm də maarifləndirici səhnə çıxışları ilə tamaşaçı qarşısına çıxacaqlar. Tədbir iştirakçılara komanda ruhunda çalışmağı, səhnə mədəniyyətini və özünüifadə bacarıqlarını inkişaf etdirmək imkanı yaradır.

Budəfəki festivalın mühüm yeniliklərindən biri inklüziv iştirak modelinin tətbiqidir. Həssas kateqoriyaya aid uşaqlar da festivalda yer alacaq, digər iştirakçılarla birgə səhnəyə çıxaraq öz istedad və bacarıqlarını nümayiş etdirmək imkanı əldə edəcəklər. Bu təşəbbüs inklüziv mədəniyyətin təşviqinə, bütün uşaqların bərabər iştirak hüququnun təmininə və onların cəmiyyətə inteqrasiyasına xidmət edir.