Səhhətindəki problemlər səbəbindən bir müddət xəstəxanalarda müalicə alan şair Əlisəmid Kür oktyabrın 13-də, ömrünün 72-ci ilində vəfat edib.
Əlisəmid Kür (Cəfərli) 8 fevral 1954-cü ildə Salyan şəhərində doğulub. 1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Teatrşünaslıq fakültəsini bitirib. Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində redaktor, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında və Azərbaycan Dövlət Teatr Muzeyində müxtəlif vəzifələrdə çalışıb.
1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin "Yol" ədəbiyyat qəzetində şöbə müdiri, 1991-1994-cü illərdə baş redaktor vəzifəsində işləyib. Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin "Xəzər" dünya ədəbiyyatı dərgisinin məsul katibi olub.
Şeirləri müxtəlif dillərə tərcümə olunub, şeir almanaxlarında, ədəbi dərgilərdə dərc olunub. Müxtəlif ölkələrdə təşkil edilən ədəbi toplantılarda Azərbaycanı təmsil edib. Kitabları: "Rəngli kölgələr" (1989), "Kentavr" (1995), "Çaylar məcrasından çıxanda" (2004) və s.
Allah rəhmət eləsin.