Oktyabrın 10-da Azərbaycan Dövlət Kukla Teatrında iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanova (1910–1945) ithaf olunmuş “İnnab ağacı” tamaşasının Azərbaycan dilində premyerası keçirilib.
Teatrın sifarişi ilə yazıçı-dramaturq Sevinc Nuruqızı tərəfindən qələmə alınan və İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 80, Həzi Aslanovun 115 illiyinə həsr edilən “İnnab ağacı”nın ilk tamaşası bu il 10-16 iyun tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən II Beynəlxalq “DemmeniFest” Kukla Teatrları Festivalında olub.
Səhnə əsəri daha sonra teatrın öz səhnəsində 27 Sentyabr – Anım Günü münasibətilə nümayiş olunmuşdu.
Tamaşa müharibə və insan taleyi haqqında həzin portret cizgilərlə zəngindir. Yetişən nəsil tamaşada görkəmli hərbi xadim, tank qoşunları qvardiya general-mayorunun uşaqlıq illərindən, təhsil dövründən, döyüş yolundan anları teatrın sehr dolu təqdimatı ilə izləmiş olur. Beləcə nümunəvi ömrü peşəkar teatr prizmasından tamaşaya nail olur. İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin qazanılmasında Azərbaycan xalqının müstəsna xidmətləri olub. Yenilməz sərkərdənin döyüşdə göstərdiyi əfsanəvi qəhrəmanlıqlar hərb tariximizin şanlı səhifəsidir.
Tamaşanın səhnələşdirmə və quruluş müəllifi teatrın baş rejissoru, Prezident mükafatçısı Anar Məmmədov, quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyevdir. Obrazları Əməkdar artist Cəmilə Allahverdiyeva, aktyorlar Rəhim Rəhimov, Yusif Baxşəliyev və Araz Həsənli canlandırırlar.