Qazaxıstanın R.B.Süleymenov adına Şərqşünaslıq İnstitutunun direktoru professor Duken Məsimxanulı və institutun tədqiqatçısı, fəlsəfə üzrə fəlsəfə doktoru Saqınış Amirbekova oktyabrın 11-də Azərbaycan Milli Kitabxanasının qonağı olublar.

Milli Kitabxanadan bildirilib ki, direktor professor Kərim Tahirov ilə görüşdə iki qurum arasında əməkdaşlığın elmi mübadilə baxımından əhəmiyyəti qeyd edilib.

Duken Məsimxanulı rəhbəri olduğu institutun yaradılmasının 30 illiyi və Qazaxıstanda şərqşünaslıq sahəsinin 70 illiyi ilə bağlı məlumat verib. O, institutun Qazaxıstan və türk xalqlarının tarixi ilə bağlı geniş tədqiqatlar apardığını, müxtəlif ölkələrdən materialların toplanıldığını diqqətə çatdırıb.

Professor Duken Məsimxanulı Azərbaycan Milli Kitabxanasının zəngin tarixi və elmi irsi ilə seçildiyini vurğulayaraq, iki qurum arasında əməkdaşlıq memorandumu imzalanmasını təklif edib. O, bu sazişin hər iki qurumun alimlərinə qarşılıqlı səfərlər və ortaq elmi tədqiqatlar üçün geniş imkanlar yaradacağını qeyd edib.

Milli Kitabxananın direktoru Kərim Tahirov bu təşəbbüsü müsbət qarşılayaraq, əməkdaşlıq memorandumunun elmi, mədəni əlaqələri daha da gücləndirəcəyini bildirib.

Sonda qonaqlar Azərbaycan Milli Kitabxanası ilə tanış olublar.