Tarixdəki olaylar

 

12 oktyabr 1813 – Rusiya ilə İran arasında müharibənin (1804-1813) başa çatması ilə bağlı Gülüstan sülh müqaviləsi imzalanıb. Qarabağın şimalında (indiki Goranboy rayonu) yerləşən Gülüstan kəndində bağlanan müqaviləyə əsasən, Azərbaycan torpaqları ikiyə bölünüb. Azərbaycanın Araz çayından şimaldakı torpaqları – Gəncə, Qarabağ, Şəki, Şamaxı, Quba, Bakı və Lənkəran xanlıqları Rusiya imperiyasının tərkibinə daxil edilib. Naxçıvan və İrəvan xanlıqları İranın nəzarətində qalıb. Sülh sənədini Rusiya tərəfdən çar I Aleksandrın xüsusi nümayəndəsi general Nikolay Rtişşev, İran tərəfdən Fətəli şahın təmsilçisi Mirzə Əbülhəsən imzalamışdı.

 

12 oktyabr 1924 – Ukrayna SSR tərkibində Moldaviya Muxtar Sovet Sosialist Respublikası təşkil olunub. 1940-cı ildə Sovet İttifaqı tərəfindən Bessarabiya Rumıniyadan qoparıldı və bu bölgənin Moldaviya MSSR-lə birləşdirilməsi nəticəsində Moldaviya SSR (2 avqust 1940) – indiki Moldova Respublikası yaradıldı.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

12 oktyabr 1896 – İtalyan şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1975) laureatı Eugenio Montale (Eugenio Montale; 1896 – 12.9.1981) anadan olub.

 

12 oktyabr 1924 – Fransız yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1921) laureatı Anatol Frans (Anatole France, əsl adı François-Anatole Thibault; 16.4.1844 – 1924) vəfat edib. Əsərləri: “Müasir tarix” silsilə romanları, “Mələklərin üsyanı”, “Pinqvinlər adası” və s.

 

12 oktyabr 1935 – İtalyan opera müğənnisi Luçano Pavarotti (Luciano Pavarotti; 1935 – 6.9.2007) anadan olub.

 

12 oktyabr 1938 – Tanınmış kinooperator Şərif  İsmayıl oğlu Şərifov (1938 – 26.9.2007) Bakıda anadan olub. Filmləri: “Yol əhvalatı”, “Əzablı yollar”, “Şir evdən getdi”, “Qərib cinlər diyarında” və s.

 

12 oktyabr 1974 – Əməkdar incəsənət xadimi, kamança ifaçısı, bəstəkar Qılman Balaməmməd oğlu Salahov (16.3.1906 – 1974) vəfat edib. Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəhbəri  olub.

 

12 oktyabr 1990 – Əməkdar mədəniyyət işçisi, aşıq Mikayıl Cabbar oğlu Azaflı (Zeynalov; 21.3.1924 – 1990) vəfat edib. “Azaflı dübeyti”, “Azaflı gözəlləməsi”, “Azaflı gəraylısı” kimi aşıq havalarının müəllifidir.

Hazırladı: Vüqar Orxan