Tarixdəki olaylar

 

11 oktyabr 1998 – Azərbaycanda növbəti prezident seçkiləri keçirilib. MSK-nın rəsmi məlumatına əsasən, seçkilərdə ölkə üzrə səsvermə hüququ olan vətəndaşların (4,2 milyon nəfər) 79,18 faizi iştirak etmişdi. Dövlət başçısı Heydər Əliyev 76,11 faiz səs qazanaraq ikinci dəfə Prezident seçilib. Altı namizədin iştirak etdiyi seçkilərdə müxalifətdən Milli İstiqlal Partiyasının sədri Etibar Məmmədov (14 faiz) ikinci yeri tutmuşdu.

 

11 oktyabr 1999 – Azərbaycan-Ermənistan sərhədinin Sədərək rayonu (Naxçıxan Muxtar Respublikası) ərazisində prezidentlər Heydər Əliyev və Robert Koçaryan arasında görüş keçirilib. Bu, Azərbaycan və Ermənistan rəhbərlərinin iki ölkənin sərhədində baş tutan ilk görüşü idi.

 

11 oktyabr 2007 – Azərbaycan Prezidenti İlham Əliyev Vilnüsdə beynəlxalq enerji sammitində iştirak edib. Toplantıda Azərbaycan, Litva, Gürcüstan, Ukrayna, Latviya və Polşa prezidentləri Xəzər–Qara dəniz–Baltik dənizi enerji dəhlizinin yaradılması, Odessa–Brodı neft kəməri və “Nabucco” qaz kəməri (Mərkəzi Asiya qazının Azərbaycan üzərindən Avropaya nəqli) layihələrinin dəstəklənməsi barədə bəyannamə qəbul ediblər.

 

11 oktyabr 2012 – BMT-də “Beynəlxalq Qız Uşaqları Günü” haqqında qətnamə qəbul olunub. Bu gün çərçivəsində dünya qız uşaqlarının təhsil hüququ, onlara qarşı cinsi ayrı-seçkilik, zorakılıq və məcburi evlilik kimi məsələlər gündəmə gətirilir.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

11 oktyabr 1885 – Fransız yazıçısı, şair və dramaturq, ədəbiyyat üzrə Nobel mükafatı (1952) laureatı Fransua Moriak (François Mauriac; 1885 – 1.9.1970) anadan olub. “Məhəbbət səhrası”, “İlan yığnağı”, “İsanın həyatı”, “Quzu” romanları, “Asmodey” pyesi və s. əsərlərin müəllifidir.

 

11 oktyabr 1894 – Alman əsilli rus yazıçısı Boris Andreyeviç Pilnyak (Boray; 1894 – 21.4.1938) anadan olub. Əsərləri: “Ac il”, “Duz anbarı”, “Volqa Xəzər dənizinə tökülür”, “Sönməmiş ayın povesti” və s. Repressiya qurbanıdır.

 

11 oktyabr 1919 – Əməkdar artist Əyyub Cəfər oğlu Məmmədov (1919 – 10.3.1978) Naxçıvanda doğulub. Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyoru olub.

 

11 oktyabr 1938 – Yazıçı-jurnalist, tərcüməçi Emil Güləli oğlu Ağayev (1938–2016) Qazaxıstanın Çimkənd şəhərində doğulub. “Qara gölün cəngavərləri” bədii filminin, sənədli filmlərin ssenari müəllifidir.

 

11 oktyabr 1983 – Xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı Süleyman Hüseyn oğlu Rəhimov (22.3.1900 – 1983) vəfat edib. Əsərləri: “Şamo”, “Ağbulaq dağlarında”, “Mehman”, “Qafqaz qartalı” və s. Azərbaycan Yazıçılar Birliyinin sədri olub.

Hazırladı: Vüqar Orxan