Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ölkədə ilk dəfə “Balet günləri” layihəsinə start verir.

Layihənin konsepsiyası onun şüarındakı məna ilə ifadə olunub: “Hərəkətlə yazılan tarix”.

Bu təşəbbüs tamaşaçılara akademik səhnə ilə daha yaxından tanış olmağa və sənətsevərləri baletin füsunkar dünyasında bir araya gətirməyə imkan verəcək.

Balet günləri oktyabrın 15-də Heydər Əliyev Sarayında Fikrət Əmirovun “Min bir gecə” tamaşası ilə açılacaq.

Noyabrın 11-dək davam edəcək silsilə tədbirlərə aşağıdakılar daxildir:

- milli balet sənətinin ən parlaq əsərlərinin tamaşaları;

- tanınmış balet artistlərinin iştirakı ilə ustad dərsləri;

- elmi konfrans və ictimai müzakirələr.

“Balet günləri” layihəsi akademik baletin klassik irsini müasir bədii yanaşmalarla birləşdirmək və milli mədəni dəyərlərə yeni nəfəs vermək məqsədi daşıyır.