Oktyabrın 10-da Təzəpir məscidində Xalq artisti Əminə Yusifqızı ilə vida mərasimi keçirilib.
Mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, mədəniyyət, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mədəniyyət nazirinin müavini Murad Hüseynov bildirib ki, Əminə Yusifqızı həm gözəl sənətkar, həm də gözəl insan olub. Qeyd edib ki, onun yaradıcılığı və insani keyfiyyətləri yaddaşımızda yaşayacaq.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Xalq artisti, professor Fərhad Bədəlbəyli çıxışında Əminə Yusifqızının Azərbaycan musiqi və mədəniyyətinə misilsiz töhfələr verdiyini deyib.
Mərhumun sənət dostları — Xalq artistləri Şəfiqə Məmmədova, Şüküfə Yusupova, Təranə Muradova, Yeganə Axundova, Hacı İsmayılov, Brilyant Dadaşova, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Əminə Yusifqızı ilə bağlı xatirələrini bölüşüblər.
Diqqətə çatdırılıb ki, Əminə xanım həm böyük sənətkar, görkəmli qiraət ustası, həm də səmimi və mehriban insan idi. Onun səsi, ifası və yaradıcılığı mədəniyyət salnaməsində, sənət yaddaşında dərin iz qoyub.
***
Əminə Yusifqızı Azərbaycan poeziyasına, ədəbiyyatına və mədəniyyətinə böyük töhfə verib. O, xalqımızın yaddaşında əbədi qalacaq.
Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova jurnalistlərə açıqlamasında belə deyib.
"Onun tələbələri, davamçıları var. Əminə xanımın ruhu şad olsun. Ümid edirəm ki, onun qiraətləri hər zaman yaşayacaq”, - deyə o əlavə edib.
Qeyd edək ki, Əminə Yusifqızı oktyabrın 9-da 89 yaşında dünyasını dəyişib.
Vida mərasimindən sonra mərhum "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.