Türkiyənin Azərbaycan əsilli tanınmış fikir adamı, şair, yazıçı-publisist, ictimai xadim Yavuz Bülənd Bakilər (Yavuz Bülent Bâkiler) sentyabrın 28-də, ömrünün 90-cı ilində vəfat edib.

Yavuz Bülənd Bakilər 1936-cı il aprelin 23-də Sivasda doğulub. Özünün sözlərinə görə, dədə-babaları Qarabağdan (Ağdamdan) Türkiyəyə köçüblər.

1960-cı ildə Ankara Universitetinin Hüquq fakültəsindən məzun olan Yavuz bəy bir müddət “Yeni İstanbul” qəzetində çalışıb. TRT Ankara Radiosunda mədəniyyət müxbiri və aparıcı işləyib. 1969–1975-ci illərdə Sivasda vəkilliklə məşğul olub, Ədalət Partiyasının (başqan Süleyman Dəmirəl) yerli təşkilatına rəhbərlik edib.

Sonra Ankaraya qayıdıb, 1975–1976-cı illərdə Baş nazir yanında Torpaq və Kənd Təsərrüfatı İslahatı Katibliyində hüquq müşaviri olub. 1976–1979-cu illərdə TRT-də (Ankara Televiziyası) çalışıb, 1979–1992-ci illərdə Mədəniyyət Nazirliyində nazirin 1-ci müavininin (müsteşar) köməkçisi, nazirin müşaviri vəzifələrində çalışıb. Daha iki il Baş nazirin müşaviri vəzifəsində çalışdıqdan sonra 1994-cü ildə təqaüdə çıxıb.

50-ci illərdən müxtəlif qəzet və jurnallarda şeir və publisistik yazılarla çıxış edib, uzun müddət “Tərcüman” və “Türkiyə” qəzetlərinin köşə yazarı olub.

"Yalnızlıq", "Duvaq", "Səninlə", "Xırman" şeir topluları, "Türkistan-Türkistan", "Aşıq Veysəl", "Sözün doğrusu" və digər kitabları ilə təkcə Türkiyədə deyil, ümumilikdə Türk dünyasında tanınıb.

"Azərbaycan ürəyimdə bir şah damardır" – şeirlərindən birində belə deyən və kitablarından birinə də bu adı qoyan Yavuz Bülənd Bakilər ilk dəfə Azərbaycana hələ sovet dövründə gəlib. Müstəqilik dövründə Azərbaycanın ədəbiyyat, mədəniyyət xadimləri ilə sıx dostluğu olub, Türkiyədə Azərbaycan həqiqətlərinin, ədəbi-mədəni irsinin tanınmasında fəal rol oynayıb.

Allah rəhmət eləsin.