Azərbaycanın qədim və zəngi tarixi kino ekranında yeni bir layihə ilə canlandırılacaq. Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) sifarişi ilə “Caspian Media Group” tərəfindən yeni bədii-sənədli filmin çəkilişlərinə başlanılıb.
Layihənin məqsədi Azərbaycanın qədim dövlətçilik ənənələrini, mədəni irsini və tarixi şəxsiyyətlərini müasir kino dili ilə tamaşaçıya təqdim etməkdir. Film həm sənədli faktların, həm də bədii təxəyyülün vəhdəti kimi qurulub və milli kimliyin formalaşma mərhələlərini əhatə edəcək.
Baş rollarda tanınmış aktyorlar Rüstəm Cəbrayılov və Ümid Qədimli çıxış edirlər. Ekran əsərində həmçinin Xalq artisti Vidadi Həsənov, Duyğu Dəvəli, Səmimi Fərhad, Manaf Dadaşov, Rumiyə Ağayeva, Corc Qafarov və Nigar Qədirli rol alıblar.
Filmin yaradıcı heyətində Azərbaycan kinematoqrafiyasının peşəkarları ilə yanaşı, gənc mütəxəssislər də bir araya gəlib.
Layihənin quruluşçu rejissoru Elmar Bayramov tarixi materiallara əsaslanaraq tamaşaçıya emosional və vizual baxımdan təsirli ekran əsəri təqdim etməyi hədəfləyir.
Hazırda çəkilişlər Azərbaycanın bir neçə bölgəsində – tarixi abidələri və maraqlı təbiət mənzərələri ilə seçilən məkanlarda aparılır.
Ən müasir texnoloji həllər və kino effektlərindən istifadə olunan film Azərbaycan tarixi ilə bağlı milli kino irsinə yeni nəfəs gətirəcək və ölkəmizin mədəni təbliğatında mühüm rol oynayacaq.