
Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Vahabzadənin (1925-2009) anadan olmasının 100 ili tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında elektron məlumat bazası yaradılıb.
Kitabxanadan bildirilib ki, elektron məlumat bazasında bir sıra rəsmi sənədlərin tam mətni, şairin zəngin həyat və yaradıcılığı, layiq görüldüyü fəxri adlar haqqında məlumat, elm, mədəniyyət, ədəbiyyat, mətbuat sahəsinin nümayəndələrinin, ictimai-siyasi xadimlərin onun haqqında söylədikləri dəyərli fikirlər yer alır.
“Xalq şairi Bəxtiyar Vahabzadə 100” adlı elektron topluda akademik Nizami Cəfərovun “Bəxtiyar Vahabzadə yaxud millətin şairi”, türkoloq, filologiya elmləri doktoru Nizami Məmmədov Tağısoyun “Bəxtiyar Vahabzadə poeziyasında idrakla intellektin vəhdəti” kimi məqalələrin tam mətni ilə yanaşı, şairin sözlərinə yazılmış bəstələrin, notların siyahıları verilib. Bundan əlavə, şairin özünün müəllifi olduğu, həmçinin haqqında yazılan kitablar sərgilənir.
Elektron məlumat bazası “Bəxtiyar Vahabzadə simpoziumu”, “Bəxtiyar Vahabzadənin gündəliyindən”, “Tərcümələr”, “Dissertasiya və avtoreferatlar”, “Virtual sərgi”, “Foto və video qalereya”, “Xatirəsinin əbədiləşdirilməsi” kimi bölmələrdən ibarətdir.