Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarının bağlanış mərasimi keçirilib.

Oktyabrın 8-də Gəncə Stadionunda təşkil olunan mərasimdə yarışlar haqqında ümumi videoçarx nümayiş etdirilib.

III MDB Oyunlarının Təşkilat Komitəsinin sədri, Azəraycan Respublikası Baş nazirinin müavini Samir Şərifov çıxış edərək yarışların uğurla başa çatdığını bildirib. O deyib: "On bir gün ərzində Oyunlara ev sahibliyi edən Gəncə, Şəki, Qəbələ, Yevlax, Mingəçevir, Göygöl və Xankəndi şəhərləri möhtəşəm idman bayramının şahidinə və bilavasitə iştirakçısına çevrilib. Müstəqil Dövlətlər Birliyinə daxil olan 8 ölkənin və Oyunlara qatılan daha 5 ölkənin idmançıları 23 idman növü üzrə yarışlarda öz məharətlərini, əzmkarlıqlarını nümayiş etdirdilər. Onlar 235 dəst medal uğrunda fərdi və komanda mükafatları uğrunda mübarizə apararaq idmansevərə unudulmaz sevinc, həyəcan, həmçinin qürur dolu anlar yaşatdılar. Bu möhtəşəm idman bayramının ərsəyə gəlməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi qayğının təzahürüdür. Əminliklə deyə bilərik ki, Azərbaycanda keçirilən III MDB Oyunlarının təşkilində ən yüksək standartlar təmin edilib".

III MDB Oyunlarının bayrağı endirilib. Sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, Azərbaycan Oyunları ümumilikdə 184 medalla başa vurub. Bunların 33-ü qızıl, 56-sı gümüş, 95-i isə bürünc mükafatdır. Ölkəmiz bu göstərici ilə ümumi medal sıralamasında 2-ci yeri tutub.

İlk sırada Rusiya  (231 medal – 130 qızıl, 61 gümüş, 40 bürünc) qərarlaşıb. 3-cü yeri Belarus (122 medal – 32 qızıl, 38 gümüş, 52 bürünc) tutub.

Beləliklə, Azərbaycan idmançıları 2021-ci ildən təşkil olunan MDB Oyunlarında ən yaxşı nəticəsinə imza atıb. Ölkəmiz I Oyunlarda (2021, Kazan) 60 (16 qızıl, 16 gümüş, 28 bürünc), ikincidə (2023, Minsk) isə 62 (10 qızıl, 17 gümüş və 35 bürünc) medal əldə etmişdi.

III MDB Oyunlarına Azərbaycanın yeddi şəhəri – Gəncə, Şəki, Qəbələ, Yevlax, Mingəçevir, Göygöl və Xankəndi ev sahibliyi edib.